Belqradda keçirilən son görüş və mətbuat qarşısında səsləndirilən bəyanatlar Azərbaycan–Serbiya münasibətlərinin artıq klassik diplomatik tərəfdaşlıq mərhələsini geridə qoyaraq strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini açıq şəkildə göstərdi.
Azərbaycan lideri İlham Əliyev və Serbiya Prezidenti Aleksandr Vuçiç arasında formalaşmış şəxsi dostluq və qarşılıqlı etimad bu münasibətlərin əsas dayağı kimi çıxış edir.
Vuçiçin çıxışında diqqət çəkən əsas məqam onun Prezident Əliyevi təkcə siyasi tərəfdaş kimi deyil, həm də təcrübəsindən öyrəndiyi lider kimi təqdim etməsi oldu. Bu, diplomatiyada nadir hallarda açıq şəkildə ifadə olunan səmimi münasibətin göstəricisidir. Serbiya lideri açıq şəkildə etiraf edir ki, qlobal və regional prosesləri daha dərindən anlamaqda Azərbaycan Prezidentinin baxışları onun üçün mühüm rol oynayır. Bu, Bakı ilə Belqrad arasında münasibətlərin formal protokol çərçivəsindən çox, strateji məsləhətləşmə müstəvisinə keçdiyini göstərir.

İki ölkə arasında iqtisadi əlaqələrin dinamikası da çıxışlarda xüsusi vurğulandı. Xidmətlər sahəsində ticarət dövriyyəsinin 2012-ci illə müqayisədə 16 dəfə artması münasibətlərin real iqtisadi baza üzərində qurulduğunu sübut edir. Təkcə siyasi yaxınlıq deyil, konkret layihələr, investisiyalar və ticarət əlaqələri bu tərəfdaşlığı dayanıqlı edir. İmzalanmış 57 sənəd və yeni razılaşmalar Azərbaycan–Serbiya münasibətlərinin institusional əsaslara söykəndiyini göstərir.
Energetika sahəsində əməkdaşlıq isə münasibətlərin strateji mahiyyətini daha da gücləndirir. Serbiyada qazla işləyən 500 meqavatlıq elektrik stansiyasının tikintisi, Azərbaycanın bu layihədə birbaşa iştirakı və tərəflərin 50/50 formatında işləməsi Balkan regionunda yeni enerji modelinin formalaşmasına işarədir. Bu kontekstdə SOCAR-ın rolu xüsusi önəm daşıyır: SOCAR vasitəsilə Azərbaycan artıq təkcə xammal ixrac edən ölkə deyil, regional enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilir.
Prezident İlham Əliyevin çıxışında Serbiyanın investisiya mühitinə verdiyi yüksək qiymət də diqqətçəkicidir. Onun vurğuladığı əsas məqam budur ki, Azərbaycan Serbiyaya sərmayə yatırırsa, bu, həmin ölkədə aparılan islahatların və sabit siyasi mühitin nəticəsidir. Bu yanaşma Bakının xarici investisiya siyasətində seçici və strateji xətt yürütməsinin göstəricisidir.
Digər mühüm istiqamət nəqliyyat və turizm sahəsidir. Belqrad–Bakı birbaşa uçuşlarının açılması iki xalq arasında fiziki və mədəni yaxınlaşmanı sürətləndirəcək. Bu istiqamətdə “Air Serbia” vasitəsilə yaradılan hava körpüsü təkcə turizmə deyil, biznes əlaqələrinə də yeni impuls verəcək. Vuçiçin Bakını “möcüzələrlə dolu şəhər” kimi təqdim etməsi isə Azərbaycanın beynəlxalq imicinin Balkan məkanında möhkəmləndiyini göstərir.
Kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı səsləndirilən fikirlər də maraqlı siyasi mesaj daşıyır. Azərbaycan məhsullarının Serbiya bazarında rəqabətqabiliyyətli qiymətlərlə təqdim olunması iqtisadi diplomatiyanın effektivliyini nümayiş etdirir. Bu, həm də Azərbaycanın qeyri-neft sektorunda ixrac imkanlarının genişləndiyini sübut edir.
Görüşdə süni intellekt, məlumat mərkəzləri və gələcək texnologiyalarla bağlı səslənən fikirlər isə münasibətlərin yalnız bu günü deyil, gələcəyi də hədəflədiyini göstərir. Vuçiçin bu sahədə Azərbaycanla əməkdaşlığa xüsusi ümid bağlaması Bakının texnoloji inkişaf sahəsində də regional tərəfdaş kimi qəbul edildiyini göstərir.
Prezident Əliyevin çıxışında ən mühüm siyasi mesajlardan biri beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi ilə bağlı oldu. Bu, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində iki ölkənin bir-birinin yanında olacağını göstərən açıq mövqedir. Azərbaycan və Serbiya bu məsələlərdə oxşar tarixi təcrübəyə malik olduqları üçün qarşılıqlı anlayış daha güclüdür.
Ümumilikdə, Belqraddakı bu görüş göstərdi ki, Azərbaycan–Serbiya münasibətləri artıq “dostluq” mərhələsindən çıxaraq çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Energetika, investisiya, nəqliyyat, kənd təsərrüfatı, texnologiya və siyasi əməkdaşlıq paralel şəkildə inkişaf edir. Ən əsası isə bu münasibətlər liderlərin şəxsi etimadı üzərində qurulub və bu da uzunmüddətli sabitliyin əsas təminatıdır.
Bu kontekstdə “Yaşasın Serbiya–Azərbaycan dostluğu” şüarı sadəcə diplomatik ifadə deyil, real siyasi və iqtisadi məzmun daşıyan bir strateji xəttin simvoluna çevrilib. Görünən odur ki, Bakı və Belqrad gələcəkdə də Balkanlar–Cənubi Qafqaz xəttində nümunəvi tərəfdaşlıq modeli formalaşdırmaqda davam edəcək.
Əli Səfərli,
NOCOMMENT.az













