Baltik dənizinin dibində aşkar edilən müəmmalı obyekt sonar görüntülərində “Ulduz müharibələri” filmlərindəki “Minilliyin Şahini” kosmik gəmisinə bənzəyirdi. İlk ehtimallara görə, bu, asteroid, vulkanik material, sualtı qayıq bazası və ya hətta uçan naməlum obyekt (UNO) ola bilərdi.
NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, lakin “IFLScience”nin yazdığına görə, gerçəklik tamamilə fərqli olub.
Baltik dənizindəki bu anomaliya ilk dəfə Ocean X Team ekspedisiyası tərəfindən qeydə alınıb. 2011-ci ildə araşdırmaçılar dəniz səthində sonar cihazı vasitəsilə qəribə bir görüntü əldə ediblər. Dənizin təxminən 91 metr dərinliyində qeyri-adi bir struktura rast gəlinib.
Komanda həmin əraziyə qayıtdıqda bütün elektron cihazlar, o cümlədən peyk telefonu işləməkdən dayanıb. Yalnız 200 metr uzaqlaşdıqdan sonra cihazlar yenidən fəaliyyətə başlayıb.
“Mən 100% əminəm ki, biz çox unikal bir şey tapmışıq”, – deyə Ocean X Team-in baş direktoru Dennis Asberg bildirib.
Ərazidən götürülən nümunələr Stokholm Universitetinin geologiya üzrə dosenti Folker Brüxerta təqdim edilib. Araşdırmalar nəticəsində bu nümunələrin qranit, qneys və qumdaşı olduğu müəyyən edilib. Bu, buzlaq hövzələrində rast gəlinən adi süxurlar hesab edilir. Lakin bir nümunə xüsusilə diqqət çəkib – donmuş lava parçası.
Brüxert Live Science-ə verdiyi açıqlamada bildirib ki, Baltikanın şimal hissəsi buzlaqların əriməsi prosesindən güclü təsirlənib və bu obyektlə süxurlar çox güman ki, buzlaq və postbuzlaq prosesləri nəticəsində formalaşıb. Obyektin olduğu əraziyə süxurların buzlaqlar tərəfindən daşınmış olması mümkündür.
Buna görə də alimlər Baltik dənizindəki anomaliyanın heç bir şəkildə kosmos və ya UNO ilə əlaqəli olmadığını müəyyən ediblər. Onlar vurğulayıblar ki, dəniz dibinin skan edilməsi üçün istifadə edilən texnologiya görüntülərin interpretasiyasına böyük təsir göstərir.