Bananlar lif, vitaminlər və minerallar daxil olmaqla bir çox vacib qida maddələri ilə zəngindir. Buna görə də diyetoloqlar onları istehlak üçün ən yaxşı meyvələrdən biri adlandırırlar.
NOCOMMENT.az xəbər verir ki, qidalanma üzrə mütəxəssislər “Martha Stewart” üçün bananın faydaları və bu məşhur meyvəni niyə daha çox yemək lazım olduğu barədə danışıblar.
Bağırsaqlar üçün bananın faydaları
Diyetoloq Stefani Şiff bildirib ki, banalar iki əsas lif növü – həll olunan və həll olunmayan lif – ehtiva edir.
Onun sözlərinə görə, hər iki lif növünün öz üstünlükləri var, lakin həll olunan lif bağırsaq bakteriyalarını qidalandıraraq sağlam və balanslı bağırsaq mikrobiomunun qorunmasına kömək edir.
Eyni zamanda, həll olunmayan lif nəcisin həcmini artırır və müntəzəmliyi dəstəkləyir.
Bundan başqa, yetişməmiş yaşıl banalar da bağırsaqlar üçün faydalıdır. Onların tərkibində davamlı nişasta var və bu maddə həll olunmayan lif kimi fəaliyyət göstərir. Diyetoloqun sözlərinə görə, bu cür nişasta prebiyotik hesab olunur, yəni yoğun bağırsağa çatır və orada faydalı bakteriyalar tərəfindən fermentasiya olunur.
Qanda şəkərin səviyyəsini tənzimləyir
Banalar lif mənbəyi kimi qanda sağlam şəkər səviyyəsinin qorunmasına kömək edə bilər.
“UTHealth Houston”da qidalanma şöbəsinin rəhbəri Dolores Vuds bildirir ki, lif karbohidratların həzmini ləngidir və qlükozanın qana sorulma sürətini azaldır.
Bu proses qanda şəkərin kəskin yüksəlməsinin qarşısını alır. Belə halların tez-tez baş verməsi 2-ci tip diabet riskini artıra bilər.
Toxluq hissini artırır
Növbəti dəfə doyurucu qəlyanaltı istədikdə, tərkibində lif yüksək olan meyvələrə, məsələn, banaya üstünlük vermək tövsiyə olunur.
Stefani Şiff qeyd edib ki, lif uzunmüddətli toxluq hissinin əsas açarıdır.
Bu, lifin qidanın mədədən nazik bağırsağa keçməsini ləngitməsi ilə izah olunur.
Orqanizmi elektrolitlərlə təmin edir
Dolores Vudsun sözlərinə görə, banalar kalium və maqnezium kimi elektrolitlərin təbii mənbəyidir və bu maddələr su balansının qorunmasına kömək edir. Kalium əzələlərin yığılması, sinir impulslarının ötürülməsi və ürək ritmi üçün vacibdir, maqnezium isə əzələ və sinir funksiyalarını dəstəkləyir.
Ürək sağlamlığını dəstəkləyir
Banalar tərkibindəki kalium sayəsində natriumun təsirini balanslaşdırır və sağlam arterial təzyiqin saxlanmasına kömək edir.
Məqalədə vurğulanır ki, bu çox vacibdir, çünki yüksək arterial təzyiq ürək-damar xəstəlikləri və insult riskini artıra bilər.
Məşqdən əvvəl və sonra enerji verir
Stefani Şiff bildirir ki, məşqdən əvvəl bananın tərkibində olan karbohidratlar sürətli enerji mənbəyi ola bilər. Onun sözlərinə görə, yetişmiş sarı banalar seçilməlidir. Bu banalar yaşıl banalarla müqayisədə daha az lif ehtiva edir, daha asan həzm olunur və karbohidratlar daha tez mənimsənilir. Bundan əlavə, banadakı kalium və maqnezium məşq zamanı sinir və əzələ funksiyalarını dəstəkləyir, bərpa prosesinə kömək edir. Kalium xüsusilə tərləmədən sonra orqanizmdə maye balansının tənzimlənməsində mühüm rol oynayır.













