Bank Respublika borcumu 10 min manat artıq göstərmişdi – 223 şikayət ərizəsi yazan vətəndaşbackend

Bank Respublika borcumu 10 min manat artıq göstərmişdi – 223 şikayət ərizəsi yazan vətəndaş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası vətəndaşı, milli azlıqların nümayəndəsi, kənar şəxsin qulluğuna ehtiyacı olan 1-ci qrup əlil Dursunov Dəmirəl Mendif oğlu redaksiyamıza şikayət məktubu ilə müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, hüquqlarının pozulması ilə bağlı vətəndaş ölkə başçısına 23, Baş nazirə 18, Milli məclisin sədrinə 16, Baş Prokurora 46, Ədliyyə nazirinə 24, MBNP 32, Mərkəzi Bank sədrinə 64 məktub yazıb. Şikayətçi ümumilikdə 223 ərizə yazdığını və bütün bu şikayətlərinin də cavabsız qaldığını iddia edir:

“Mən 32 il müəllim işləmişəm. Hazırda ağır xəstəyəm və uzun müddətdir Türkiyədə müalicə olunuram. Azərbaycanda Bank Respublika tərəfindən hüquqlarım pozulur və şikayətlərimə baxılmır. Bank bütün şikayətlərin ünvanına çatmasını əngəlləyir. Banka 2019-cu il mart ayına qalıq borcum 2 000 manat olduğu halda, bank həmin tarixə borcumun 12 000 manat olduğunu iddi edirdi.

Bankın iddiasını Saatlı rayon Məhkəməsi, MBNP və Mərkəzi Bankın rəhbərliyi dəstəkləyirdi. Apelyasiya və Ali Məhkəmə 2019-cu il mart ayına borcumun 2 000 manat olması ilə bağlı qərar qəbul etmişdir. Bank 12 ay müddətində borcumun 12 000 manat olduğunu iddia edirdi. Sonuncu Ali Məhkəmənin qərarından sonra bank 2019-cu il mart ayına borcumun 2500 manat olduğunu bildirdi və təcili ödəməyimi tələb etdi. Bank 12 ay mənim hisslərimlə oynamışdı və bilərəkdən borcumu 10 000 manat artıq göstərmişdi. Bütün bunlar isə müalicəmə mənfi təsir göstərmiş və müalicəmin uzanmasına səbəb olmuşdu.

Belə ki, bank vaxtında borcumu olduğu kimi göstərsəydi Prezidentin Fərmanı mənə də şamil olunardı və yaxud borcumu vaxtında ödəyib qurtarmış olardım.

Saatlı rayon Məhkəməsi 2020-ci il iyul ayına məcburi qaydada banka olan borcumu ödətdirdi.

Milli azlıqlar nümayəndəsi olsam da, Azərbaycan vətəndaşıyam və mənim də hüquqlarım var.

Pozulmuş hüquqlarımın bərpa olunmasına kömək etməyinizi xahiş edirəm”.

Qeyd edək ki, qarşı tərəf ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Bankın da mövqeyini dərc etməyə hazırıq.