Son günlər myGov platforması ilə bağlı yaranmış bir vəziyyət cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Söhbət vətəndaşların fərdi məlumatlarının özəl şirkətlər tərəfindən sorğulanması mexanizminin müvəqqəti olaraq aktivləşdirilməsindən gedir. Qısa müddət davam etsə də, bu dəyişiklik informasiya təhlükəsizliyi və şəxsi məlumatların qorunması baxımından suallar doğurub.
Məlumata görə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən myGov üzərindən özəl şirkətlərin vətəndaşların fərdi məlumatlarını sorğulaması imkanı aktiv edilib. Halbuki bundan əvvəl “İcazələrin idarə edilməsi” bölməsində bu funksiya standart olaraq deaktiv vəziyyətdə idi və yalnız vətəndaşın özü tərəfindən öncədən aktivləşdirildikdən sonra mümkün olurdu. Yeni vəziyyətdə isə vətəndaşın razılığı sorğu göndərildikdən sonra alınırdı və bu da riskli yanaşma kimi qiymətləndirilirdi.
Bu mexanizm nəzəri olaraq istənilən özəl şirkətə vətəndaşın şəxsi, ailə, iş, sosial və digər məlumatlarını sorğulamaq imkanı yaradırdı. Vətəndaş isə bu barədə yalnız sonradan məlumatlandırılırdı.
Mütəxəssislər bildirirlər ki, bu cür yanaşma həm beynəlxalq rəqəmsal hökumət prinsiplərinə, həm də şəxsi məlumatların qorunması üzrə əsas hüquqi normalara ziddir. Dünya təcrübəsində bu sahədə əsas prinsip ondan ibarətdir ki, bütün biznes sorğuları default olaraq bağlı saxlanılmalı, razılıq isə əvvəlcədən verilməlidir.
Müsbət məqam ondan ibarətdir ki, qısa müddət sonra problem aradan qaldırılıb. myGov platformasında özəl şirkətlərin vətəndaşlara sorğu göndərmək imkanları yenidən deaktiv edilib. Güman olunur ki, məsələ ilə bağlı təhlükəsizliyə cavabdeh qurumlar da məlumatlandırılıb və operativ tədbirlər görülüb.
Mütəxəssislər hesab edirlər ki, bu cür “eksperimentlər” dövlətə məxsus, strateji əhəmiyyətli rəqəmsal platformalar üçün yolverilməzdir. Son illər vətəndaşlar üçün faydalı və etibarlı bir resursa çevrilmiş myGov kimi sistemlərdə riskli qərarlar qəbul edilməsi ümumilikdə dövlət informasiya sistemlərinə olan etimadı zəiflədə bilər. Bu səbəbdən aidiyyəti qurumların gələcəkdə belə halların təkrarlanmaması üçün əlavə nəzarət və təhlükəsizlik tədbirləri görməsi vacib sayılır.
Qeyd edək ki, bu fikirlər Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tərəfindən səsləndirilib. O, məsələ ilə bağlı özünün sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, fərdi məlumatların qorunması məsələsində “sonradan bildiriş göndərilməsi” yanaşması qəbuledilməzdir və vətəndaşın razılığı mütləq əvvəlcədən alınmalıdır. Osman Gündüz vurğulayıb ki, bu cür riskli yanaşmaların qarşısının alınması üçün cavabdeh qurumlar, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti strukturlar zəruri addımlar atmalıdır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən şəxsin məlumatlarının toplanması və işlənməsi yalnız onun əvvəlcədən verdiyi razılıqla mümkündür:
“Kredit müqavilələrində tez-tez rast gəlinən “məlumatların üçüncü şəxslərdən əldə edilməsinə razılıq” bəndləri belə banklara limitsiz səlahiyyət vermir. Vətəndaş konkret olaraq hansı məlumatın, hansı məqsədlə və hansı qurumdan əldə olunacağı barədə məlumatlandırılmalıdır. Mygov.az üzərindən həyata keçirilən məlumat sorğuları isə texniki olaraq vətəndaşın təsdiqi olmadan baş tuta bilməz. Əgər hər hansı bank və ya kredit təşkilatı bu prinsipi pozaraq məlumatları icazəsiz əldə edərsə, bu hal inzibati və mülki məsuliyyət yaradır, vətəndaşın məhkəməyə müraciət etmək hüququ var”.
Məsələnin texniki tərəfi ilə bağlı saytımıza danışan İT mütəxəssisi Səlim Əliyev isə qeyd edib ki, mygov.az bankların daxil olduğu açıq sistem deyil.
Onun sözlərinə görə, banklar bu platformaya “girib baxmır”, sadəcə dövlət informasiya sistemləri ilə inteqrasiya olunmuş API mexanizmi vasitəsilə məhdud və məqsədli sorğu göndərirlər:
“Bu sorğu yalnız vətəndaş razılıq verdikdən sonra aktivləşir və bütün proses loqlar vasitəsilə qeydə alınır. myGov sistemində əsas üstünlük ondan ibarətdir ki, vətəndaş sonradan kimin, nə vaxt və hansı məlumatı sorğuladığını görə, hətta bu icazəni ləğv edə bilir. Bu, klassik kağız arayış sistemindən fərqli olaraq daha şəffaf və təhlükəsiz mexanizmdir.
Praktikada yaranan çaşqınlığın əsas səbəbi isə çox vaxt vətəndaşların kredit müraciəti zamanı təqdim olunan elektron razılıq formalarını oxumadan təsdiqləməsidir.
Bir çox hallarda bank əməkdaşı və ya mobil tətbiq vasitəsilə müraciət edən şəxs bilmədən məlumat sorğusuna icazə verir və sonradan bankın “haradansa” bu məlumatları əldə etdiyini düşünür. Əslində isə bu məlumatlar vətəndaşın öz razılığı ilə, dövlət sistemləri üzərindən ötürülmüş olur”.













