Bəzi bankomatların yalnız 5, 10 və 20 manatlıq əsginaslar verməsi və 1 və ya 2 manatlıq pulların olmaması uzun müddətdir vətəndaşların narazılığına səbəb olur. Bəs, bütün bankomatların müxtəlif nominallı pullar verməsi üçün hansı şərtlər lazımdır?
NOCOMMENT.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu, əsasən texniki və iqtisadi səbəblərlə bağlıdır:
“Burada iki əsas məsələ var. Birincisi, bəzi banklar bilə-bilə 1 manatlıq əsginas qoymur, çünki bu, onlara sərf etmir. Bankomatı müəyyən aralıqlarla işçilər gəlib doldurur və 1 manatlıq əsginaslar çox yer tutur. Həcm baxımından çox, məbləğ baxımından isə az olduğu üçün bu, effektiv sayılmır. 1 manatlıq çox olanda bank işçiləri daha tez-tez gəlib bankomatı doldurmalıdırlar.”
Ekspert əlavə edib ki, bu problem yalnız Azərbaycana xas deyil:
“Xaricdə də xırda nominallı əsginaslar bankomatlarda az olur. Bu, həm yerə, həm də vaxta qənaət məqsədi daşıyır. Amma əksər banklarda 1 manatlıq əsginaslar mövcuddur, sadəcə tez bitir.”
Əkrəm Həsənovun sözlərinə görə, bütün bankomatların müxtəlif nominallı əsginaslar verməsi üçün banklar əlavə texniki tənzimləmələr aparmalı, həmçinin bankomatların texniki tutumu və xidmət tezliyi artırılmalıdır.