Baş redaktor əmək pensiyası almaq üçün məhkəmə davası açdıbackend

Baş redaktor əmək pensiyası almaq üçün məhkəmə davası açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı İnzibati Məhkəməsində hakim Orxan Həsənovun sədrliyi ilə tanınmış jurnalist, “7 Gün” qəzetinin baş redaktoru Emin Eminbəylinin (Quliyev) “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiaya baxılır. Pensiya yaşına çatan Emin Eminbəyliyə pensiya təyinatı aparılmır.

E.Eminbəyli iddiasında qeyd edir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət edib. Lakin heç bir qanuni əsas olmadan pensiya təyinatı aparılmayıb.

NOCOMMENT.az-ın məlumatına görə, bundan sonra Emin Eminbəyli məhkəməyə üz tutub. Məhkəməyə təqdim olunan sənədlər sırasında onun 1 sentyabr 1973-cü il tarixdən Ağdam Rayon İcraiyyə Komitəsinin tikinti və memarlıq şöbəsində işləməyə başlamasını, bundan sonra müxtəlif təşkilatlarda davamlı və fasiləsiz olaraq əmək fəaliyyətini davam etdirməsini təsdiq edən sənədlər var. İddiaçının pensiya hüququ 2020-ci ilin iyun ayında yaranıb. Lakin Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ümumi iş stajının 25 ildən az təşkil etdiyi üçün ona yaşa görə əmək pensiyasını təyin etməkdən boyun qaçırıb. Əsas kimi isə vətəndaşın avqust ayında işə daxil olmasına şübhə ilə yanaşılır, “pensiya təyin olunmasın” dərkənarı ilə vətəndaş taleyin ümidinə buraxıblar.

“Emin Quliyevin əmək kitabçasında 08.07.1991-ci ildə redaktor vəzifəsinə qəbul olunduğu “7 Gün” qəzetində işə daxilolma tarixlərində düzəlişlər edilib. Eləcə də işə daxilolma əmrinin avqust ayında verildiyini nəzərə alsaq 1 nömrəli əmrlə qeyd edilməsi əsaslı şübhələr yaradır. Bununla yanaşı, iddiaçının əmək kitabçasında işdən azad edilməsi barədə qeydləri aparmağa əsas verən əmr göstərilməmişdir. Onu da qeyd etmək lazımdır ki, şəxsin işə daxilolma və işdən azadedilmə tarixləri həftənin bazar günü (qeyri-iş) gününə təsadüf edir.

“İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3.2-cı bəndinə əsasən işçinin işə götürülməsi, bır işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün. ay. il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun olmalıdır. Həmçinin əmək kitabçası 1991-ci ildəki işə qəbul qeydləri kiril əlifbası ilə yazılmışdır. Halbuki idarənin möhürü latın qrafikası ilə yazılmışdır” – qeydi ilə pensiya təyinatından imtina edilib.

Azərbaycan ötən əsrdə müstəqilliyini 2-ci dəfə əldə etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında 1991-ci ildə qəbul olunmuş qanun ilə Azərbaycan dilində yazı latın qrafikası ilə aparılmağa başladı. Emin Eminbəyliyə gəldikdə isə, o, bir əlində qələm, bir əlində silah Qarabağda tarix yazırdı. Qəzetin arxivinə baş vurub bu həqiqətləri görmək üçün elə də böyük əziyyətə qatlaşmaq lazım deyil. Axundov kitabxanasına bir sorğu vermək kifayətdir.

Orxan Həsənov

Həmin dövrdə kiril əlifbası ilə yanaşı latın qrafikalı Azərbaycan əlifbasından da istifadə edilirdi. O dövrdə kimsənin ağlına gəlməzdi ki, müstəqil Azərbaycanda vətəndaşa pensiya təyin etməmək üçün belə “əsaslarla” imtina verilə bilər. 30 il sonra müstəqil Azərbaycanda 70 illik sovet hakimiyyəti illərində “xalq düşmənləri”nə sərgilənən münasibət ortaya çıxar. Məhkəmə-hüquq sahəsində aparılan islahatlar vətəndaşların hüquqlarının pozulması üçün istifadə edilməməlidir. Orxan Həsənov kimi gənc kadrların məhkəmələrə hakim olaraq təyinat almaları da bu islahatların baş tutmasına hesablanıb. Amma nə baş verir?
Hər kəsin “7 Gün” qəzetinin sahibi, təsisçisi kimi tanıdığı, Azərbaycanın müstəqil mətbuatının əsasını qoyanlardan olan Emin Eminbəylinin pensiya təyinatından boyun qaçırılır.

Səbəb kimi də işə daxil olma əmrinin avqust ayında verilməsi (?!), bundan başqa işə daxil olma əmrinin bazar günü qeydi əsas götürülür. Guya avqust ayında işə daxil olmaq yasaqmış.

Qəzet mətbəxinə az-çox bələd olanlar bilir ki, müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycan mətbuatı, özəlliklə “7 Gün” qəzeti fəaliyyətdə olduğu dönəmdə 7 gün, 24 saat xəbər istehsal edib. Mətbuat nümayəndələrinin evi məhz qəzet redaksiyaları olub. İstirahət bilmədən, məzuniyyətsiz, min bir əziyyətlə qəzetin oxucuya çatdırılmasına əmək sərf edib ölkənin gələcəyinə inanmışıq. Bu gün dövlət qurumlarındakı işıqlı kabinetlərdə, rahat kreslolarda əyləşib qələmlə bir quş qoymaqla vətəndaşları dövlətdən narazı salmaq, pensiya təyinatı aparmaqdan imtina etmək böyük qanunsuzluq, cinayətə bərabər əməldir. /Yeni Müsavat