Başçı şəhidin yasına 2 kq marqarin göndərib? – VİDEObackend

Başçı şəhidin yasına 2 kq marqarin göndərib? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər İcra Hakimiyyətinin 16 Noyabr döyüşlərində şəhid olan əsgərimizin yas mərasiminə 2 kiloqram marqarin yağı göndərməsi bir neçə gündür sosial şəbəkələrdə qınaq obyekti olub.

NOCOMMENT xəbər verir ki, bununla bağlı axar.az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib ki, müxtəlif qüvvələr tərəfindən məqsədli şəkildə yayılan bu cür söz-söhbətlər dövlətimizin, şəhidlərimizin və şəhid ailələrinin adına xələl gətirməyə hesablanıb.

“Natiq Yusif oğlu Əliyevin şəhid olması barədə xəbər daxil olan kimi Gəncə və Nizami RİH aparatlarının, həmçinin Nizami rayon bələdiyyəsinin əməkdaşları şəhid ailəsinin yaşadığı ünvana təhkim ediliblər. 3 günlük icarə haqqı 3000 manat dəyərində olan 2 ədəd böyük, tam təchizatlı yas çadırı şəhidin ailəsinin yaşadığı ünvanda quraşdırlıb. Yas mərasiminin ilk günü 1500 manat dəyərində ərzaq və digər zəruri ləvazimatlar alınaraq ailəyə təhvil verilib.

Gəncə Şəhər İH-nin rəhbərliyi dəfn zamanı şəhidin evində təşkil olunmuş yas mərasimində iştirak edib. Şəhid ailəsinin istəyi üzrə onların digər ehtiyaclarının qarşılanması üçün şəhidin qardaşı Samir Yusif oğlu Əliyev bank kartı hesabına 1000 manat maddi yardım vəsaiti köçürülüb. Gəncə İH-nin təşəbüsü ilə şəhidin ailəsinə şəhərdə fəaliyyət göstərən müəssisələr, eyni zamanda bir qrup iş adamı tərəfindən 3000 manata yaxın məbləğdə maddi yardım edilib. Noyabrın 18-də şəhər rəhbərliyi növbəti dəfə ailəni evində ziyarət edib. Ziyarət zamanı şəhər rəhbərliyinə şəhidin ailəsi tərəfindən 3 və 7 yas mərasimlərinin keçirilməsi ilə əlaqədar ehtiyac siyahısı tərtib edildiyi bildirilib. Bununla bağlı növbəti dəfə şəhidin atası Yusif İsa oğlu Əliyevin bank kartına 2000 manat maddi yardım köçürülüb. Şəhid Natiq Əliyevin qara mərmər materialından qəbirüstü abidəsi sifariş verilib. Bildirmək istərdik ki, göstərilən yardımlarla bağlı şəhidin ailəsinin heç bir narazılığı olmayıb”, – deyə açıqlamada bildirilib.

Qeyd edək, 16 noyabrda erməni təxribatı nəticəsində şəhid olan Natiq Əliyevin dəfn mərasimində şəhidin qonşuları ilə icra nümayəndələri arasında mübahisə yaşanıb. Çəkilən video-görüntülər sosial şəbəkələrdə narazılıq yaradıb. Görüntülərdə şəhidin qonşuları Gəncə şəhər icra başçısının yas mərasiminə 2 kiloqram marqarin yağı göndərməklə kifayətləndiyini iddia ediblər.

Yayılan söz-söhbətlərlə bağlı şəhid Natiq Əliyevin ailə üzvləri də video formatda açıqlama göndəriblər. Həmin görüntüləri təqdim edirik: