Baydeni bu sözü deməyə məhz o xanım vadar edib – Müsahibəbackend

Baydeni bu sözü deməyə məhz o xanım vadar edib – Müsahibə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.

NOCOMMENT.az müsahibəni təqdim edir:

– Qabil müəllim, ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrini soyqırmı adlandırmasına münasibətinizi öyrənmək istərdik.

– İndiyədək Amerika prezidentlərindən heç biri ermənilərin uydurma iddialarını soyqırımı adlandıraraq onun tanıdılması istiqamətində fikir söyləməmişdi. İlk dəfə olaraq qoca Bayden bu yola əl atdı. Bununla da bir növ pis adla tarixə düşdü. Bundan əvvəl Ronald Reyqana da erməni lobbisi çox güclü basqılar edib onu həmin olayları soyqırımı kimi tanımağa çağırırdı. Reyqan ağıllı adam idi. O, özünün müşaviri Bryus Feynə tapşırıq verir və onlar 250 tarixçinin iştirakı ilə 3 ay müddətində Ankarada, Avropa ölkələrinin paytaxtlarında, xüsusilə Maltada araşdırmalar aparırlar. Bu araşdırmalar nəticəsində hazırlanan arayışda son nəticə belədir: türklər ermənilərə qarşı deyil, ermənilər azərbaycanlılara qarşı soyqırırımı həyata keçiriblər və bu soyqırımı nəticəsində 2 milyondan çox insan öldürülüb. Vaxt gələcək, ermənilər bu hadisəyə görə azərbaycanlılardan üzr istəyəcəklər. Reyqan bu arayışla tanış olandan sonra erməni məsələsinə heç əhəmiyyət də vermir.

Bayden öz sələfinin, yəni Reyqanın apardığı işlərə diqqət yetirməli idi. Sırf tarixi xarakter daşıyan, ciddi surətdə əsasən hələ araşdırılmamış, yalnız ictimai rəydə erməni tarixçilərinin uydurmaları hesabına formalaşmış fikrə söykənərək qondarma hadisələrə soyqırımı dedi. Bu gün Baydendən soruşsan ki, həmin hadisələrin baş verdiyi yeri xəritədə göstərə bilərsənmi? Mən güman edirəm ki, o, Şərqi Anadolunun köçürülmə, sürgün hadisələrinin baş verdiyi o yerləri göstərə bilməz. Heç bu məsələnin tarixi aspektləri barədə də bir məlumat verə bilməz. Çünki həmin dövrün tarixi hadisələri Birinci dünya müharibəsinin başlanması ilə eyni vaxtda yaşanıb. O zaman Birinci dünya müharibəsinin başlamasından istifadə edən ruslar şərq cəbhəsindən Osmanlı dövlətinə hücum ediblər. Hücum zamanı 400 ildən artıqdır ki, Osmanlı dövlətinin təbəəsi olan ermənilər çox böyük həvəslə istiqamətlərini dəyişərək rusların tərəfinə keçdilər. Rusların iştirakı ilə komitələr yaradıldı. Bu komitələr təlim keçərək rus ordusunun hissələrinə qoşuldular. Çoxlu silah-sursat, hətta artilleriya silahları əldə etdilər və ruslarla birlikdə öz vətəndaşı olduqları ölkəyə qarşı döyüşməyə başladılar. Şərqi Anadolunun böyük bir hissəsi ermənilərin köməyi ilə rusların nəzarəti altına keçmişdi. Həm də bu dövrdə Şərqi Anadolunu müdafiə etmək üçün Sarıqamışa göndərilən 80 min nəfərlik türk ordusu güclü şaxtaya və çovğuna düşərək demək olar ki, donub ölmüşdülər. Bununla da şərq cəbhəsi xeyli zəifləmişdi.

– Co Baydenin bu sözü işlətməsindən artıq beş gün vaxt ötür. Bu məsələdə yeni çalarlar nədən ibarətdir?

– Belə bir məlumat var ki, Co Baydeni bu sözü deməyə onun müavini, ABŞ tarixində ilk qadın vitse-prezident olan Kamala Harris vadar edib. Kamala Harris əvvəllər, yəni 2017-2021-ci illərdə Kaliforniya ştatından ABŞ Senatının üzvü olub, bundan əvvəl isə – 2011-2017-ci illərdə Kaliforniyanın baş prokuroru işləyib. 2020-ci il prezident seçkilərinin praymerizi zamanı Baydenlə birlikdə Kaliforniya ştatında daha böyük qələbə qazanıb. Kaliforniyada da ermənilər daha çox yaşayır və bu mənada müşahidəçilər belə hesab edirlər ki, Kamala Harrisin erməni lobbisinin təsiri altında Baydeni bu sözü deməyə inandırması ehtimlı kifayət qədər böyük olub. Amma hər halda məsuliyyət Baydenin üzərinə düşür.

Zənnimcə, digər yeni çalar ondan ibarətdir ki, Türkiyə və Azərbaycan Co Baydenin soyqırımı deməsindən sonra Amerikaya qarşı, xüsusilə soyqırımı kəlməsi ilə bağlı birgə anti-tədbirlər işləyib hazırlamağı qarşılarına məqsəd qoyublar. Bu tədbirlər içərisində Amerikanın öz tarixi boyu işlətdiyi cinayətlərin, xüsusilə soyqırımı xarakteri daşıya biləcək cinayətlərin geniş təsvirinin verilməsi və ola bilsin ki, bunların parlamentdə müzakirə edilərək parlament qərarına çevrilməsi məsələsi gündəmə gələ bilər. Söhbət Şimali Amerikada 70 milyondan artıq yerli-aborigen əhalinin – hinduların qırılmasından, Vyetnamda 3 milyondan çox vyetnamlının qadağan olunmuş napalm bombaları, fosfor bombaları və kimyəvi silahlardan istifadə edilməklə məhv edilməsindən və digər cinayətlərdən gedir.

Bundan əlavə amerikalılar demokratiya, feminizm hərəkatı və digər müxtəlif adlarla başqa dövlətlərin işlərinə qarışmaqdadırlar. Bunlar nisbətən kiçik faktlardır. Bununla onlar öz dəyərlərini, özü də başqa xalqların dəyərləri ilə üst-üstə düşməyən dəyərləri həmin ölkələrə sırımaq istəyirlər. Məsələn, Azərbaycana, Türkiyəyə feminist hərəkatın yayılması üçün xüsusi emissarların göndərilməsini, hətta xristian dini dəyərlərinin bu ölkələrdə yayılması üçün missioner cəmiyyətlərinin bu ölkələrə göndərilmələrini, onların maliyyə təminatını öz üzərlərinə götürmələrini qeyd etmək olar. Bütün bunlar soyqırımı olmasa da başqa dövlətlərdə öz dəyərlərinin yayılması istiqamətində apardıqları hərəkətlərdir. Yəni, islamafobiya, türkofobiya addımlarıdır. Bütün bunlar hamısı ABŞ-ın son dövrlərdə yol verdiyi hərəkətlərdəndir.

– Amerikanın atdığı bu addım Azərbaycan-Türkiyə münasibətlərinə necə təsir edəcək?

– Sözsüz ki, Birləşmiş Ştatların bu addımı həm Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirəcək, həm də bu dalğa digər türkdilli respublikaların Türkiyə və Azərbaycanın ətrafında birləşməsinə və türk birliyinin möhkəmlənərək yeni bir gücə çevrilməsinə gətirib çıxaracaq.

Bir məqamı da qeyd etmək istəyirəm. 1915-ci ildə baş verən hadisələrə soyqırımı deyən Bayden bundan sonra bütün dünyada onun doğuracağı mənfi təəssüratların ağırlığını yaşamalı olacaq. Yəni, həmişə başqa dövlətlərin əlində alət olmuş kiçik bir xalq üçün belə bir “fədakarlığa” ehtiyac var idimi sözünü söyləyərkən mütləq qeyd edilməlidir ki, məncə, Amerika Baydenin bu addımı atması ilə çox böyük səhvə, yanlışlığa yol verdi. Vaşinqton hətta müttəfiqləri arasında da ola bilsin ki, bununla bağlı müəyyən fikir ayrılıqlarının yaranmasına gətirib çıxaracaq addım atdı. Düzdür, hamısı xristian ölkələridir və bu addım da xristian təəssübkeşliyinin özünü göstərməsidir, amma hər halda bu, sıradan bir hərəkət deyil. Ronald Reyqanın demədiyi sözü Bayden kimi xüsusi çəkisi o qədər də böyük olmayan bir adamın söyləməsi zənnimcə, Amerikaya başucalığı gətirməyəcək.