ABŞ Prezidenti Cozef Bayden Ukraynaya səfər etməyə hazır olduğunu bildirib. Merilenddə prezident təyyarəsinə minməzdən əvvəl Baydendən onun administrasiyasından Kiyevə kimisə göndərməyə hazır olub-olmadığı soruşulub. Amerika Prezidenti cavabında bildirib ki, bu məsələ ilə bağlı hələ qərar verilməyib. Jurnalistin “getməyə hazırsan?” sualına Ağ Ev rəhbəri “Bəli” deyə cavab verib.
Maraqlıdır, Co Baydenin Kiyevə səfəri müharibənin gedişatında nələri dəyişə bilər?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-ın suallarını politoloq Fikrət Sadıxov cavablandırıb. O bildirib ki, Bayden də Avropa dövlətlərinin liderləri kimi Kiyevə səfər edə bilər: “Əvvəla, Bayden bununla Ukraynaya öz dəstəyini göstərərək, onların yanında olduğunu nümayiş etdirir. Digər tərfədən ABŞ müharibə dövründə Ukraynaya külli miqdarda maliyyə və hərbi yardım göndərib. Baydenin Kiyevə getməsi həm də ona işarədir ki, ABŞ müharibənin sonuna kimi Ukraynanı dəstəkləyəcək. Bu səfər əslində nümayiş xarakteri daşıyır. Bu həm də onu göstərir ki, ABŞ kimi böyük bir dövlət Ukraynanın Rusiya qarşısında sərgilədiyi mövqeyi təqdir edir və onun arxasındadır. Baydenin Kiyevə səfərinə müsbət yanaşması həm diplomatik gedişdir, həm də Rusiyaya xəbərdarlıqdır”.
Politoloq Zaur Məmmədov bildirib ki, Bayden Ukraynaya səfər edərək öz imicini daha da artırmaq niyyətindədir: “Bu səfərin ideoloji, psixoloji və mənəvi əhəmiyyəti çox böyükdür. Hamımız yaxşı bilirik ki, Ukraynadakı müharibə əslində Rusiya ilə ABŞ arasında gedir. ABŞ və digər Qərb dövlətləri tərəfindən Ukraynaya hərbi yardım göndərilməkdədir. Bu, kifayət qədər ciddi hadisədir. Sözügedən səfərin nəticələrini biz aylar sonra görəcəyik. Ukrayna məlğub olarsa faktiki regionda yeni konfiqurasiya yaradılacaq. Hadiəslərin gedişatı dünyanın bir və ya çox qütblü olacağını müəyyən edəcək.