Baydenin təbrik məktubu: ABŞ Azərbaycanla əməkdaşlığı inkişaf etdirəcəkbackend

Baydenin təbrik məktubu: ABŞ Azərbaycanla əməkdaşlığı inkişaf etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə 28 may – Respublika günü münasibətilə ünvanlandığı məktubun mətni Vaşinqtonun Bakı ilə əməkdaşlığı genişləndirmək istədiyinin və perspektiv istiqamətlərin nələr olacağının ifadəsi idi. Bayden Administrasiyası rəsmi Bakı ilə enerji təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə və demokratik idarəetmə məsələlərində birgə əməkdaşlıq edəcək.

Təbrik məktubunda diqqətçəkən bir sıra mühüm detallar var.

Birincisi, ABŞ-ın Cənubi Qaz Dəhlizini və Xəzərdəki yatağın Azərbaycanla Türkmənistanın birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətliyyətlə dəstəkləməsidir.

Ötən il istifadəyə verilən Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Baydenin bu məsələni xüsusi vurğulaması enerji məsələləri üzrə birgə səylərin davam etdiriləcəyi deməkdir. Bununla yanaşı, ABŞ Azərbaycan və Türkmənistanın Xəzərdəki yatağın birgə istifadəsinə dair imzaladığı Anlaşma Memorandumunu dəstəklədiyir.

Bu detal Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizinə yeni mənbələrin qoşulacağı gözləntisini artır. Söhbət uzun müddət masada olan, lakin reallaşmasına maneələrin olduğu Transxəzər layihəsindən gedir. Türkmənistan, ümumilikdə Mərkəzi Asiya coğrafiyasının enerji resurslarının Avropaya çıxışı üçün irəli sürülən bu layihənin önündə iki praktiki maneə var idi:

– birincisi, Xəzərin hüquqi statusunun həll edilməməsi;
– ikincisi, Bakı və Aşqabad arasında yataqla bağlı məsələnin açıq qalması;

Xəzərin statusu 2019-cu ildə Bakının təklif etdiyi konvensiya əsasında həll olundu. İkinci məsələ isə 2021-ci ilin yanvarında Azərbaycan və Türkmənistan arasında imzalanan memorandumla həllini tapdı: tərəflər mübahisəli yatağa “Dostluq” adı verərək, birgə istifadə üzərində razılaşdı.

Baydenin təbrik məktubunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsindən bəhs edərkən, Xəzərdəki yataq anlaşmasını qətiyyətlə dəstəkləməsi Transxəzər layihəsinə “yaşıl işığın” yandırıldığı deməkdir. Bu, Azərbaycanın Avrasiyanın enerji xəritəsindəki rolunu, o cümlədən, qlobal proseslərə təsir imkanlarını artıracaq məqamdır.

İkincisi, Baydenin ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq olması ilə bağlı dedikləridir.

Prezident İlham Əliyev postkonfilikt dövründə münasibətləri normallaşdırmağa kömək etməsi ilə bağlı ABŞ-a çağırış etmişdi. Baydenin münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda köməyə hazır olması bu çağırışa cavab ola bilər. ABŞ prezidentinin “Münaqişə və koronavirus pandemiyası ilə yadda qalan ildən sonra” sözləri Vaşinqtonun gələcəyə baxdığını, “qonşularla sülh içində yaşamaq” sözləri isə sərhəd məsələsinin də diplomatik yolla həllini istədiyini deməyə əsas verir.

ABŞ həmçinin, terrorçuluğa qarşı mübarizə və demokratik idarəetmə məsələlərində də Azərbaycanla birgə əməkdaşlıq edəcək.

Baydenin təbrik məktubu və qeyd etdiyi ifadələr Azərbaycanın təkcə regionda yox, həm də dünyadakı siyasi çəkisinin əhəmiyyətini göstərir.

Asif Nərimanlı