Türkiyə, ABŞ-ın onu Rusiyanın Qazprombankına qarşı sanksiyalardan azad etdiyini və bununla da Ankaraya qaz idxalı üçün pul ödəməyə imkan verdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparlaslan Bayraktara istinadən NTV telekanalı məlumat yayıb.
“Türkiyə Rusiya qazının pulunu ödəyərkən ABŞ-dan “Qazprombank” üçün istisna alıb. Türkiyə qazın pulunu “Qazprombank” vasitəsilə ödəməyə davam edəcək”, – telekanal nazirin sözlərindən sitat gətirir.
Noyabrın sonunda ABŞ “Qazprombank”a qarşı sanksiyalar tətbiq edib, onun vasitəsilə digər şeylərlə yanaşı, Rusiya qazı və nefti üçün xarici ödənişlər həyata keçirilir. Bunun ardınca Türkiyə sanksiyaların ona mənfi təsir etdiyini bildirərək, ABŞ-dan Rusiya qazı üçün ödəniş edərkən “Qazprombank”a da istisna edilməsini istəyib.