Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.
Bu barədə NOCOMMENT.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 230 yanğına çıxış, 46 köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 3 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 8-i azyaşlı olmaqla 81 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, hadisələr zamanı 6 nəfər həyatını itirib.













