Bayramovun Türkiyə səfərinin yekunlarına dair məlumatbackend

Bayramovun Türkiyə səfərinin yekunlarına dair məlumat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə Respublikasının böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələ nəticəsində zərər çəkmiş Kahramanmaraş şəhərinə səfər edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin Kahramanmaraş şəhərinə səfərinin yekunlarına dair məlumatda bildirilib.

Nazir Ceyhun Bayramovu hava limanında Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu qarşılayıb.

Səfər çərçivəsində, nazir Ceyhun Bayramov Türkiyə Respublikasının Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Mərkəzini, Daxili İşlər Nazirliyinin Kahramanmaraş Bölgə Mərkəzini, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin bazasını və xilasedicilərimizin fəaliyyət göstərdiyi sahəni, o cümlədən Azərbaycan tərəfindən zəlzələ zonasına göndərilmiş səhra xəstəxanasını ziyarət edib, media nümayəndələrinin iştirakı ilə keçirilmiş mətbuat konfransında iştirak edib.

AFAD Mərkəzini və Daxili İşlər Nazirliyinin Kahramanmaraş Bölgə Mərkəzini ziyarət edən nazir Ceyhun Bayramov, zəlzələ bölgəsində dağıntılar altında qalmış vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində AFAD tərəfindən görülən genişmiqyaslı işlərlə tanış olub. Nazir Ceyhun Bayramov, xarici işlər naziri Mevlüt Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylunun iştirak etdiyi tədbirdə çıxış edərək Türkiyə dövlətinə və xalqına başsağlığı diləklərini çatdırıb. Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu qeyd edən nazir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, fəlakətin ilk günündən ölkəmiz tərəfindən həyata keçirilən dəstək tədbirləri barədə məlumat verib.

Daha sonra nazir Ceyhun Bayramov, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması, habelə dağıntılar altında qalmış vətəndaşların xilas edilməsi məqsədilə fəaliyyət göstərən FHN-in çevik xilasetmə qüvvələrinin bazasını, o cümlədən onların çalışdıqları ərazini ziyarət edib. Axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz şəkildə davam etdirən xilasedicilərimizin fəaliyyəti, indiyədək görülən işlərin nəticələri ilə tanış olan nazir Ceyhun Bayramov, zəlzələdən zərər çəkmiş şəxslərin həyatının xilas olunması istiqamətində fədakar fəaliyyətlərinə görə onlara təşəkkür edib.

Türkiyədə baş vermiş zəlzələdə xəsarət alan şəxslərə zəruri tibbi xidmətlərin göstərilməsinə dəstək məqsədilə Azərbaycan tərəfindən göndərilmiş səhra xəstəxanasını ziyarət edən nazir Ceyhun Bayramov, bütün lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunmuş bu xəstəxanada fəaliyyət göstərən həkimlərimiz ilə görüşüb. Həkimlərimizin fəaliyyəti ilə tanış olan nazir Ceyhun Bayramov, onlara bu məsuliyyətli işlərində göstərdikləri səylərə görə minnətdarlığını bildirib.

Yekunda media nümayəndələrinin iştirakı ilə təşkil olunmuş mətbuat konfransında çıxış edən nazir Ceyhun Bayramov, səfərin yekunları, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan tərəfindən göstərilmiş humanitar yardımlar, o cümlədən baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının təxliyəsi, həlak olmuş vətəndaşlarımız barədə sualları cavablandırıb.