Mərkəzi Bankın verdiyi məlumata görə, Azərbaycanda pul bazası artıb.
Açıqlanan məlumata görə, pul bazası yanvarın 1-nə 20 milyard 916,5 milyon manat təşkil edib.
Bu göstərici ötən ayla müqayisədə 339,7 milyon manat çoxdur.
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, pul bazasında elə də böyük artım olmayıb.
“Faiz nisbətində götürəndə bu artım çox cuzidir. Bu artıma isə nə inflyasiyaya nə də manatın məzənnəsi ciddi təsir etmir. Əsas təsir göstərən amil maaş, təqaüd və s. artımlarım maliyyələşməsi ilə bağlı nəğd pula ehtiyacların artmasıdır. Belə ki, nəğd pula ehtiyac artan kimi manatın bazasında artım müşahidə olunur. Ona görə də faiz nisbətində 339,7 milyon manat o qədər də ciddi artım deyil”.
Natiq Cəfərlinin sözlərinə görə, bazrada pul kütləsinin artmasının nə qədər davam edəcəyi daha önəmlidir:
“Bu ilin ilk aylarında da artım davam edərsə, bu temp hər ay və ya rübdə 300-400 milyon civarında olacaqsa, artıq inflyasiyaya təsir göstərərək, onu artıra bilən amilə çevrilə bilər. İqtisadi nəzəriyyəyə görə pul kütləsinin bazarda artması qiymətlərə təzyiqi də çoxaldır”.