Bazarlarda inanılmaz qiymət: gilas 9 manata, ərik 7 manata… – Səbəbbackend

Bazarlarda inanılmaz qiymət: gilas 9 manata, ərik 7 manata… – Səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazarlarda, marketlərdə meyvə-tərəvəzin qiyməti əli də yandırır, cibi də. Gilasın qiyməti 6-9 manat, çiyələyin qiyməti 4-5 manat, əriyin qiyməti isə 6-7 manat arasında dəyişir. Baha olduğuna görə məhsullar piştaxtalarda çürümək həddindədir. Mövsümü olmasına baxmayaraq nə üçün qiymətlər bu qədər yüksəkdir?

NOCOMMENT.az xəbər verir ki, teleqraf.com mövzunu araşdırıb.

“Qiymət “Meyvəli”də diqtə edilir”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, qiymətlərin yüksək olmasının başlıca səbəbi bazara süni müdaxilədir. Onun sözlərinə görə, Azərbaycanda bazarlarda mövcud olan xaos məhsulları alıcılar üçün əlçatmaz edir:

“Bu il kənd təsərrüfatı sahəsində becərmə müddəti 15 gün gecikib. Bu da onu düşünməyə əsas verir ki, məhsuldarlıq az olduğu üçün təklif artır. Dəfələrlə demişik, ölkədə yalnız gilasın, əriyin deyil, tərəvəzlərin də qiyməti bahadır. Bütün meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları topdansatış mərkəzi “Meyvəli”yə gətirilərək oradan paylanılır. Orada qiyməti diqtə edirlər, süni olaraq qiymət artımı baş verir. Təklif o qədər azalmayıb ki, qiymətlər bu qədər yüksək olsun.

Bazarlarda müşahidə aparırıq, kifayət qədər təklif var. Qiymət bahadır, alan azdır. Topdansatış bazası bu sahədə inhisarçıdır. Əgər ölkədə bir neçə topdansatış mərkəzi olsaydı, indi gilasın qiyməti maksimum 3-4 manat arasında dəyişərdi”.

“Xaricdə bizdən 3 qat ucuzdur”

Vahid Məhərrəmli xarici bazarla yerli bazardakı qiymətlər arasında müqayisələr aparıb. Bildirir ki, arada 3 qata qədər qiymət fərqi müşahidə olunur: “3 ay əvvəl Gürcüstan, İran, Türkiyə bazarı ilə müqayisə aparmışdıq. Elə məhsul var, Azərbaycanla müqayisədə 2 dəfə, eləsi var, 3 dəfə ucuz satılırdı. Belə olan halda bazar funksiyasını icra edə bilmir. Mütəxəssislər rəy verirlərsə, onlar rəylərində bazar qaydalarına əsaslanırlar. Amma Azərbaycanda bazar qaydaları pozulub. Biz bilmirik nə qədər gilas, nə qədər ərik istehsal olunur.

Alıcısı az olanda qiyməti düşməlidir. Tələb azdırsa, qiymət mütləq enməlidir. Amma bazarda qiymət qalxıb, alıcı olmadığı üçün təklif çox görünür. Mən fermerlərlə əlaqə saxlayıram, məhsuldarlıqla maraqlanıram. Əgər bu zənglər olmasa, fikir bildirmək çətin olar. Bahaçılıqdır, qiymət çox yüksəkdir. Gürcüstanda gilasın qiyməti Azərbaycandakından 2 dəfə, Türkiyədə 3 dəfə ucuzdur. Bu da Azərbaycan bazarında monopoliya, məhsul azlığı ilə əlaqədardır”.

“Market keyfiyyətli məhsul satdığı üçün qiymət bahadır”

Bir çox insan marketlərdəki qiymətlərin bazarla müqayisədə baha olmasına etiraz etsə də, ekspert bunu keyfiyyət fərqi adlandırır.

Onun sözlərinə görə, supermarketlərdə alıcılara təqdim olunan məhsullar keyfiyyətinə görə bahadır: “Market sahibkarı çalışır ki, keyfiyyətli məhsul satsın. Ona görə də onlarda qiymət yüksəkdir. Ola bilər, keyfiyyət fərqi o qədər yüksək deyil, amma onların da öz alıcıları var.

Ölkədə iki təbəqə var, həddindən artıq kasıb əhali və imkanı adamlar. Supermarketlərə üz tutub bu məhsulları alanların böyük qismi imkanlı təbəqədir. Bu da kifayət edir ki, marketlərdə qiymətlər yüksək olsun”.

Bəs Kənd Təsərrüfatı Nazirliyi qiymətlər haqqında nə düşünür?

Nazirlikən sorğumuza cavab olaraq bildirdilər ki, qiymətlərin təyin olunması onlardan yox, birbaşa satıcıdan asılıdır: “Qiymət siyasəti dövlət nəzarətində deyil, sərbəst bazardır, hər kəs istədiyi qiymətə satır. Qiymətə heç bir dövlət qurumu baxmır. “Meyvəli” bazarında araşdırma aparılsın, niyə fermer “Meyvəli”dən 1 manata alıb, 3 manata satır”?

“Fermerə şərait yaradılmalıdır ki, özü bazara çıxsın”

Milli Məclisin deputatı Azər Badamovun fikrincə, qiymətlərin yüksək olmasına səbəb fermerlərin məhsullarını alıcıya dolayı yolla təqdim etməsidir:

“Təəssüf ki, bazarlarda mövsümü meyvələrin qiyməti aşağı düşmür. Bunun kökündə bir neçə amil var. İlk olaraq, kəndli və ya fermer məhsulunu satışa birbaşa çıxara bilmir. Bazarda eyni adamlar əyləşib, bu məhsulu alıb satır.

Tarlada 2 manata satılan məhsulun topdan ticarət bazarında üzərinə ticarət əlavəsi gəlir, ticarət şəbəkəsində çalışanlar öz haqlarını əlavə edir, nəticədə məhsulun qiyməti 7-8 manata qədər artır. Buna görə də ilk növbədə bazarlara fermerlərin, kəndlilərin çıxışı təmin olunmalıdır.

Doğrudur, bazar iqtisadiyyatıdır. Amma mexanizm təşkil olunmalıdır ki, kəndli məhsulunu özü bazara çıxara bilsin”.

“Rusiya bazarına ixrac yerli bazarda qiymətləri artırır”

Millət vəkilinin sözlərinə görə, xaricə ixracın yüksək olması da yerli bazara birbaşa təsir edir:

“Rusiya-Ukrayna müharibəsinə görə, bir çox ölkələrdən Rusiyaya idxal olunan mallar dayanıb. Şimal qonşumuz Azərbaycan üçün ən böyük bazardır. Azərbaycan kənd təsərrüfatı məhsullarını Rusiyaya ixrac edir. Bu gün rublun qiymətinin dəyər qazanması, Rusiya bazarlarında tələbatın yüksəlməsi həm də Azərbaycanın ixrac potensialını arıtır, məhsulların xarici bazarlara istiqamətləndirilməsinə gətirib çıxarır. Bu da yerli bazarlarda qiymət artımına səbəb olur.

Təbii ki, ixracın çoxalması müsbət haldır, bu, ölkəmizə qayıdan vəsaitlərdir. Amma heç olmasa mövsümü məhsulların vətəndaşlar üçün əlçatan olmasını da nəzərə almalıyıq”.

Vəziyyət budur, belə getsə, “yiyəsiz” qalan bazarlardan kasıb təbəqə büdcəsinə uyğun alış-veriş edə bilməyəcək. Qiymət belə qalarsa, bağda əriyin olmasına baxmayraq “salam-əleyk” tamam kəsiləcək…

Teleqraf