BDU rektorunun müşaviri və komendant onları bıçaqlayan şəxsdən şikayətçi olmadıbackend

BDU rektorunun müşaviri və komendant onları bıçaqlayan şəxsdən şikayətçi olmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

NOCOMMENT.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən İ. Mirzəyev özünü təqsirli bildiyini deyib. O, ifadəsində bildirib ki, 11 il BDU-da çalışıb: “Əvvəllər təsərrüfatın maşınını sürürdüm, sonra sexə baxırdım. 600 manat maaş alırdım. Universitet rəhbərliyi dəyişəndən sonra maaşımı 400 manata saldılar. Etiraz elədim, çünki imkanım çox aşağı idi. Mənə dedilər ki, sənin işin dəyişib, başqa işə keçirəcəklər. O zaman maaşım bərpa olunacaq. Bir müddət keçdi, lakin heç bir dəyişiklik olmadı. Keçmiş rektorun dövründən işləyənlərdən yalnız mənim maaşım azalmışdı. Yeni rektor məni üzdən tanıyırdı. Onun qəbuluna yazıldım. Fikrimi ona deyəcəkdim. Lakin onun qəbuluna düşə bilmədim. Universitetdən dedilər ki, struktur dəyişikliyi olacaq, o zaman maaşlar bərpa olunacaq”.

Təqsirləndirilən şəxs deyib ki, iki il ərzində dəfərlərlə müraciət etsə də, onun şikayətinə baxılmayıb: “İki ildən sonra struktur dəyişikliyi baş verdi. Bu səbəbdən universitetə təzə işçilər gətirildi. Mənim də seximə Qaçay adlı şəxs gəldi. Yenidən rektorun qəbuluna yazıldım. Lakin yenə qəbul etmədilər. Struktur dəyişilikliyi olsa da, maaşım dəyişmədi. Sonra məni rektorun müşaviri Mirzə müəllimə yönəltdilər. Onunla görüşdüm. Dedi bir neçə günə sənə xəbər edəcəyik. Hadisə günü səhər Qaçay gəldi ki, sənin maaşını qaldırmaq qalsın qırağa, səni işdən çıxarıblar. Dəliyə döndüm. Rektorun qəbuluna getdim, qəbul etmədilər. Mirzə müəllimin yanına getdim. Ona dedim ki, açıq ürək əməliyyatı keçirmişəm, evdə xəstəm var. O mənə məsələni araşdıracağını dedi. Sexə qayıdanda gördüm avandalıqlarımı yığırlar. Orada özümə aid avadanlıqlar da vardı. Onu da mənə vermədilər. Bıçaq itiləyən yerdən öz bıçağımı və sənədlərimi götürüb evə gedirdim. Birdən dedim sonuncu dəfə Mirzə müəllimlə görüşüm. Mirzə müəllimə dedim ki, iki ildir mənə söz verirsiz ki, maaşın qalxacaq. Bir anlıq orda özümü itirdim. Həyacanlandım, bıçağı sənədlərimin arasından çıxarıb onu vurdum. Həmin vaxt otağa Şahlar girdi. Özümdə deyildim, üzərimə gəldi ki, bizi ayırsın, onu da bıçaqla vurdum. Otaqdan aşağı düşdüm. Həmin vaxtı universitetdə imtahan günü idi. İmtahan günlərində təcili yardım da universitetə gəldirdi. Onlara yuxarıda yaralıların olduğunu dedim və taksiyə minib getdim. Əməlimdən peşmanam, lakin mən iki il maaşımın azalmasına dözdüm. İmkanım yox idi, borcların çox idi”.

Prosesdə daha sonra zərərçəkmiş şəxs qismində BDU rektorunun maliyyə işləri üzrə müşaviri Mirzə Mirzəyev dindirilib.

O, 31 il Maliyyə Nazirliyi strukturlarında çalışdığını deyib: “Hadisə olan vaxt 1 il 10 ay idi ki, universitetdə çalışırdım. İsmixanı üzdən tanıyırdım. Lakin iki dəfə ünsiyyətimiz olub. Birinci dəfə mənə yaxınlaşıb maliyyə problemləri olduğunu dedi. Bildirdi ki, keçmiş rəhbərliyə aid məsələlərlə bağlı məhkəməyə müraciət edəcək. Mən də bununla bağlı rektora məruzə edəcəyimi dedim. 2020-ci ildə yenidən yanıma gəldi. Bildirdi ki, maaşı azaldılıb. Araşdırdım ki, məlum oldu ki, rəhbərlik dəyişən ərəfədə bunu başqa ştata keçiriblər və maaşı azaldılıb. Bununla bağlı razılıq ərizəsi yazıb. Mən ona dedim ki, struktur dəyişikliyi olan zaman ştatlar açılacaq. O zaman başqa bir vəzifəyə keçmək şansı olar. Çünki onun maaşının artırılması mənim səlahiyyətlərim çərcivəsində deyil. Oğlu ilə lap yaxşı münasibətim var. O da bizdə təminat şöbəsində çalışırdı. Bir müddət sonra İsmixan şöbə müdiri ilə yenə yanıma gəlmişdi. Rektorun qəbuluna düşmək istəyirdi. Deyirdi fəhlə işləmək istəmir, fəhlə kimi qalsa, öz avadanlıqları var, götürərək gedəcək. Dedim məsələni prorektora danışsın. Hadisə günü göz həkimindən gəlirdim. Yanıma gəldi. Ayaq üstəydim. Əlində sənədlər vardə. Dedi ki, mənə aşağıdan deyiblər işdən çıxmalısan. Dedim ki, məsələdən xəbərim yoxdur. Bu zaman yaxınlaşdı və qəfildən bıçaqla məni vurdu. Heç gözləmirdim. Sonra Şahlar içəri girdi, onu da vurdu. Sonradan xəbərim olmadı. Mənə indiyə qədər təəccüblü gəlir ki, məni niyə bıçaqladı”.

M. Mirzəyev təqsirləndirilən şəxsə qarşı hər hansı bir iddiasının və şikayətinin olmadığını deyib.

Digər zərərçəkən Şahlar Bəgalıyev 1993-cü ildən universitetdə komendant işlədiyini deyib və hadisə günündən danışıb. Bildirib ki, həmin gün M. Mirzəyevin otağına gedib, içəri girəndə görüb ki, Mirzə müəllim İsmixanı itələyir: “Yaxınlaşıb ayırmaq istədim. İsmixana yaxınlaşanda məni də bıçaqladı. Əvvəl yaxınlaşanda onun əlində bıçağı görməmişdim. Məni bıçaqlayandan sonra elə bil ayıldı. Qaçaraq çıxıb getdi”.

Ş. Bəgalıyev də şikayətçi olmadığını deyib.

Daha sonra prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses yanvarın 21-də davam etdiriləcək.

Qeyd edək ki, bu ilin iyul ayının 27-də Bakı Dövlət Universitetinin əsas korpusunda universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.

Hadisəni törətməkdə təqsirli bilinən İsmixan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə İ.Mirzəyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib.