BDU tələbələrinə xoşagəlməz “sürpriz”: qaib yazan proqram…backend

BDU tələbələrinə xoşagəlməz “sürpriz”: qaib yazan proqram…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq iki ildir ki, epidemioloji vəziyyət səbəbilə ali məktəblər dərsləri online formada keçirilir. Təhsil ocaqları dərslərin internet üzərindən tədrisi üçün müxtəlif proqramlardan istifadə edir.

NOCOMMENT.az xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) builki tədris ilində dərslərin keçirilməsi üçün “Blackboard” proqramına keçib. Bu proqramın dilinin çətin olması tələbələr və müəllimlər tərəfindən müxtəlif müzakirələrə səbəb olub.

Təhsil eksperti Kamran Əsədov Modern.az-a bildirib ki, “Blackboard” dünya səviyyəli universitetlərin dərs keçmək üçün istifadə etdiyi proqramdır:

“İlk növbədə qeyd edim ki, Azərbaycan təhsil sistemi 2020-ci ilin martından pandemiya səbəbi ilə məsafədən tədrisə keçdi. Və birmənalı şəkildə məsafədən təhsili həyata keçirmək üçün elektron resurslardan istifadə edilməyə başlandı.

Məsafədən tədrisi elektron resurslar (kompüter, planşet, telefon) vasitəsi ilə həyata keçirmək üçün proqram təminatı, online görüş proqramları olmalı idi. Bu istiqamətdə Azərbaycanda çox ciddi problemlər vardı. İlk vaxtlarda teledərs, virtual məktəb vasitəsi ilə boşluğu doldurmağa çalışdıq. Amma ən doğru variant Microsoft Times, Zoom, Skype proqramından istifadə etmək idi. Bu proqramlar əlçatan olsalar belə, müəyyən qədər də keyfiyyətli deyildi.

Eyni zamanda, bizdə tək narahatedici məqam proqram təminatı ilə bağlı deyildi, həm də təhsil ocaqlarında çalışan müəllimlərin heç də hamısı proqramlardan istifadə edə bilmirdi. Buna görə də təkmilləşməyə ehtiyac var idi.

Bakı Dövlət Universiteti yeni tədris ilinə “Blackboard” proqramı ilə online dərsləri keçməyə çalışır. Qeyd edim ki, bu ADA və dünya səviyyəli universitetlərdə istifadə edilən proqramdır”.

K.Əsədovun sözlərinə görə, həmin proqramın istifadəsinə keçmədən öncə müəllimlərə və tələbələrə təlimlər keçirilməli idi:

““Blackboard” proqramını digərlərindən fərqləndirən bir çox cəhətlər var. Bu proqramda resurslar və qiymətləndirmə standartlarını tətbiq etmək mümkündür. Düzdür, müəllimlərimiz Times, Skype, Zoom proqramlarından istifadə etməyi öyrəndikləri üçün bu proqram onlara müəyyən qədər çətin gəlir. Buna öyrəşmək üçün zaman lazımdır.

Digər proqramlarla müqayisədə “Blackboard” texniki imkanlarına görə daha üstündür.

Mən düşünürəm ki, bu tipli problemlərin olmaması üçün öncədən proqramın istifadə qaydalarını öyrətmək üçün müəllimlərə treninq keçirilməli idi. 2-3 aylıq təlimdən sonra bu proqramın keçirilməsi təmin olunmalı idi”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Fidan Qarayeva deyib ki, proqramın bir özəlliyi var ki, internetin zəif olmasından və müəllimdən asılı olmayaraq, ilk 15 dəqiqədə tələbə dərsə qoşulmasa, avtomatik olaraq qaib yazılır:

“Öncə onu deyim ki, artıq bir ildən çoxdur ki, dərslərimiz online formatda keçirilir. Hər birimiz məsafədən tədrisin Microsoft Times proqramından keçirilməsinə öyrəşmişik.

Yeni tədris ilində bizə heç bir məlumat verilmədən, proqramın istifadəsi öyrədilmədən “Blackboard” proqramında dərslərin keçirilməsinə başlanıldı. Bununla yanaşı, proqramın bir özəlliyi var ki, tələbə dərs müddətinin ilk 15 dəqiqəsində qoşulmasa, proqram həmin tələbəyə avtomatik olaraq qaib yazır. İnternet problemin olsa belə, heç bir güzəşt olunmur.

Deyə bilərəm ki, bu proqramın tətbiqi tələbələr arasında çox ciddi narazılıqlara səbəb olur. Bəzi tələbələr var ki, evlərindəki internetin sürəti çox zəifdir. Bunu nəzərə almayaraq, belə bir çətin proqramın istifadəsinə keçilib. Digər tərəfdən, nəinki tələbələr, hətta müəllimlər belə bu proqramdan istifadədə çətinlik çəkirlər. Arzu edirəm ki, problemləri nəzərə alaraq bu məsələyə yenidən baxılsın”.

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin mətbuat xidməti ilə əlaqə saxlasaq da, zəngimizə cavab vermədilər.