Avstraliyalı biotibbi mühəndislik professoru Karl Kruşelski əmindir ki, qocalma xətti proses deyil, birdəfəlik bir hadisədir.
NOCOMMENT.az Daily Mail-ə istinadən yazır ki, o, ABC Health telekanalının TikTok hesabında yayımlanan videoda bədənin sürətli qocalma yaşını göstərib.
Alim qocalmanın iki mərhələdə baş verdiyinə aydınlıq gətirib. Birincisi, təxminən 45 yaşında baş verir və dəri keyfiyyətinin nəzərəçarpacaq dərəcədə pisləşməsi, əzələ kütləsinin itirilməsi və nəticədə maddələr mübadiləsinin yavaşlaması ilə xarakterizə olunur. Alim aydınlaşdırıb ki, bu yaşdan sonra ilk dərin qırışlar əmələ gəlir, orqanizm piyləri və spirti daha pis emal edir.
Biomühəndisin sözlərinə görə, 65 yaşında orqanizm ikinci dəfə kəskin qocalır. Bu, immunitet sisteminin qoruyucu funksiyasının azalmasına səbəb olur.
Alim onun verdiyi yaşın təxmini olduğunu vurğulayıb. Bəzi insanlar üçün qocalma on il əvvəl, bəziləri üçün isə on il sonra baş verə bilər. Buna görə də alim yaşa bağlı dəyişikliklərin baş verməsini gecikdirmək üçün ömür boyu sağlam həyat tərzi sürməyə və idmanla məşğul olmağa çağırıb.
Daha əvvəl diyetoloq Karina Gazetdinova bildirmişdi ki, şərab, yerkökü və qızılbalıq gəncliyi uzatmağa kömək edir. Onun sözlərinə görə, bu məhsulların tərkibində hüceyrələrin bərpası üçün lazım olan maddələr var.