Belarusda ölkənin müdafiə sisteminin inkişafı çərçivəsində möhkəmləndirilmiş ərazilər yaradılır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin Baş Qərargah rəisi general- mayor Pavel Muraveyko bildirib.
“Biz faktiki olaraq bütün bölgələrdə belə möhkəmləndirilmiş ərazilər yaratmışıq və planımıza uyğun olaraq yerləşdiriləcək ərazi qoşunlarının bütün bölmələri onların müdafiəsinə və istifadəsinə cəlb olunacaq”, – deyə o bildirib.
Belarus Baş Qərargah rəisinin sözlərinə görə, möhkəmləndirilmiş ərazilərin yaradılması Belarusun müdafiəyə hazırlaşdığını və heç kimə hücum etməyi planlaşdırmadığını göstərir. O, həmçinin xatırladıb ki, Stalin və Molotov müdafiə xətləri əvvəllər respublika ərazisindən keçib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiya və Belarusun birgə fəaliyyəti İttifaq dövlətinin müdafiə potensialının və etibarlı təhlükəsizliyinin gücləndirilməsini təmin edir. Rusiya lideri vurğulayıb ki, Moskva və Minsk ardıcıl olaraq öz xarici siyasət maraqlarını müdafiə edir və daha ədalətli, çoxqütblü dünya nizamı yaratmaq üçün xarici tərəfdaşlarla birgə çalışırlar.