Belarus və İranın müdafiə nazirlikləri hərbi əməkdaşlıq haqqında memorandum imzalayıb və cari il üçün belə əməkdaşlıq planını müəyyənləşdiriblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin saytında məlumat verilib .
Qeyd olunur ki, Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninin İrana rəsmi səfəri çərçivəsində İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Məhəmməd Rza Aştiani ilə görüş keçirilib.
“Görüşdən sonra tərəflər Belarus Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrinə Dəstək Nazirliyi arasında hərbi əməkdaşlıq haqqında anlaşma memorandumu, eləcə də ikitərəfli əməkdaşlıq planı imzalayıblar”, – hesabatda deyilir.
Bildirilir ki, görüş zamanı tərəflər beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb, həmçinin hərbi sahədə əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.