Bələdiyyə torpaqları PROBLEMİ – Çıxarışı necə almalı? backend

Bələdiyyə torpaqları PROBLEMİ – Çıxarışı necə almalı? 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Torpaq məsələsi Azərbaycanda hər zaman ən həssas və vacib hüquqi mövzulardan biri olub. Xüsusilə də bələdiyyələr tərəfindən satılmış torpaq sahələri ilə bağlı vətəndaşlar arasında çoxlu suallar yaranır.

Bir çox insan torpağı alır, pulunu ödəyir, müqaviləni imzalayır, amma illərlə çıxarış – yəni kupça ala bilmir. Nəticədə torpaqdan tam hüquqi şəkildə istifadə etmək mümkün olmur, satış, bağışlama, ipoteka və digər əməliyyatlarda çətinliklər yaranır. Bu səbəbdən məsələni sadə və aydın şəkildə izah etməyə ehtiyac var.

Bəs, bu torpaqlara çıxrışı necə almalı? Hansı addımları atmaq lazımdır?

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan Natiq Ələsgərov qeyd edib ki bələdiyyədən torpaq almaq o demək deyil ki, siz artıq tam hüquqlu mülkiyyətçisiniz:

“Siz torpağı alırsınız, lakin dövlət qeydiyyatından keçirməsəniz, yəni çıxarış almasanız, mülkiyyət hüququnuz rəsmi şəkildə tanınmır. Əsl mülkiyyət hüququ yalnız dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır.

İlk növbədə onu bilməliyik ki, bələdiyyədən torpaq alarkən sizə müəyyən sənədlər təqdim olunmalıdır. Bunlara bələdiyyə qərarı, alqı-satqı müqaviləsi və ödəniş qəbzləri daxildir.

Əgər bu sənədlər düzgün və tam deyilsə, gələcəkdə çıxarış almaq çətinləşə bilər. Müqavilədə torpağın ünvanı, ölçüsü, sərhədləri və alıcının məlumatları dəqiq göstərilməlidir. Ən xırda uyğunsuzluq belə problem yarada bilər.

Sonrakı mərhələdə torpağın hüquqi statusu yoxlanılır.

Təəssüf ki, bəzi hallarda bələdiyyələr tərəfindən satılmış torpaqlar mübahisəli ərazilərə düşür, yaxud dövlət ehtiyat fondu torpaqları olur. Belə hallarda kupça almaq mümkün olmaya bilər və ya məhkəmə qaydasında həll tələb olunar. Buna görə də sənədlərlə birlikdə müraciət etməzdən əvvəl torpağın vəziyyətini dəqiqləşdirmək vacibdir. Bunun üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu verilə bilər.

Əgər torpaqla bağlı hüquqi maneə yoxdursa, növbəti addım rəsmi müraciətdir.

Vətəndaşlar bu prosesi birbaşa reyestr qurumunda və ya daha rahat şəkildə ASAN Xidmət mərkəzlərində həyata keçirə bilərlər. ASAN Xidmət vasitəsilə müraciət etmək həm vaxt baxımından, həm də prosedur baxımından daha əlverişlidir”.

Hüquqşünas qeyd edib ki, müraciət zamanı adətən şəxsiyyət vəsiqəsi, bələdiyyə qərarı, alqı-satqı müqaviləsi, torpaq sahəsinin planı və ölçü sənədləri, həmçinin dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim olunur:

“Əgər torpaq bir neçə nəfərin adınadırsa, bütün şəxslərin iştirakı və ya notarial qaydada razılığı tələb oluna bilər.

Sənədlər qəbul edildikdən sonra torpaq sahəsinə baxış keçirilir.

Mütəxəssislər əraziyə gedərək ölçmə işləri aparır, sərhədləri dəqiqləşdirir və faktiki vəziyyəti sənədlərlə müqayisə edir. Əgər torpaq sənəddə göstərilən ölçüdən fərqlənirsə və ya qonşu sahə ilə üst-üstə düşürsə, proses müvəqqəti dayandırılır və problem aradan qaldırılmalıdır. Bəzən əlavə plan-ölçü işlərinə ehtiyac yaranır.

Baxış və yoxlama mərhələsindən sonra sənədlər hüquqi ekspertizaya göndərilir.

Burada torpağın satışı zamanı qanun pozuntusunun olub-olmaması araşdırılır. Əgər hər şey qanunauyğundursa, dövlət reyestrində qeydiyyat aparılır və vətəndaşa çıxarış təqdim olunur. Çıxarış artıq sizin torpağa tam mülkiyyət hüququnuzu təsdiq edən əsas sənəddir”.

Natiq Ələsgərovun sözlərinə görə, ən çox rast gəlinən problemlər sənədlərin natamam olması, torpaq sahəsinin düzgün ölçülməməsi və ya bələdiyyə qərarının qanunsuz verilməsi ilə bağlı olur:

“Belə hallarda vətəndaşlar bəzən məhkəməyə müraciət etməli olurlar. Məhkəmə qərarı əsasında da çıxarış almaq mümkündür.

Bir vacib məsələ də odur ki, torpağın üzərində tikili varsa və həmin tikili sənədsizdirsə, əvvəlcə tikili leqallaşdırılmalı, sonra torpaq və tikili birlikdə qeydiyyata alınmalıdır.

Əks halda yalnız torpağa çıxarış verilə bilər və tikili hüquqi problem yarada bilər.

Nəticə olaraq, bələdiyyədən torpaq almaq işin ilk mərhələsidir. Ən əsas mərhələ isə həmin torpağın dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsidir. Sənədləri düzgün toplamaq, vaxtında müraciət etmək və hüquqi vəziyyəti əvvəlcədən yoxlamaq prosesi xeyli asanlaşdırır. Əgər hər hansı çətinlik yaranarsa, hüquqşünasa müraciət etmək tövsiyə olunur ki, gələcəkdə daha böyük problemlərlə üzləşməyəsiniz”.

Tunar

NOCOMMENT.az