Yanvarın 29-u Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Qeyd edək ki, budəfəki seçkidə bələdiyyələrin sayı 2 dəfədən çox azaldılıb. Səsvermə 685 bələdiyyə üzrə olacaq.
Yeni formalaşan bələdiyyələr əvvəlki bələdiyyələrin borclarını da üzərinə götürmüş olacaq. Onların borcunu kim ödəyəcək?
NOCOMMENT.az xəbər verir ki, Modern.az mövzu ilə bağlı “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli ilə həmsöhbət olub.
Onun sözlərinə görə, bu gün ölkədə 685 bələdiyyənin formalaşdırılması nəzərdə tutulur:
“Yəni 1606 bələdiyyənin əvəzinə 685 bələdiyyə formalaşdırılacaq. Sözsüz ki, proses başa çatdıqdan sonra birləşdirmə komissiyaları formalaşdırılacaq. Bu komissiyalar bələdiyyələrdəki problemlərin, borcların, torpaq məsələlərinin qanuni şəkildə yoluna qoyulması ilə bağlı ciddi addımlar atacaq. Bu gün Azərbaycanda 1000-ə yaxın bələdiyyənin Dövlət Sosial Müdafiə Fonduna 6 milyon manat ətrafında borcu var. Nəzərə alaq ki, burada əməkhaqqı borcu olan müəyyən bələdiyyələr də var. Əməkhaqqı borcları və digər borclar birləşdirmə nəticəsində formalaşacaq bələdiyyənin üzərinə düşür. Sözsüz ki, yeni yaranacaq bələdiyyənin bunun öhdəsindən gəlmək imkanı yoxdur. Çünki ilin əvvəlidir, müəyyən vergilərin yığılması və digər çətinliklər buna maneə olur. Nəticədə yeni yaranacaq 685 bələdiyyəni borclarla yüklədiyimiz üçün problemlərlə üz-üzə qoyuruq”.
V.Tofiqli bildirib ki, bu borcların silinməsi üçün müəyyən təkliflər hazırlanıb:
“Güman edirəm ki, bu borclarla bağlı dövlət müəyyən güzəştlər tətbiq edə bilər. Düşünürəm ki, dövlət tərəfindən də bununla bağlı müəyyən addımlar ata bilər. Arzu edərdim ki, yeni formalaşacaq bələdiyyələr borcsuz yaransın. Borclu şəkildə fəaliyyətə başlasalar bələdiyyələr kifayət qədər problemlə üz-üzə qalacaqlar. Növbəti proseslərdə hərhansı vətəndaşın problemi vaxtında həll edilməyə, qaldırılan məsələlərdə ləngimələr ola bilər. Bunların olmaması üçün güman edirəm ki, dövlət də öz tərəfindən hansısa güzəştlərin tətbiqini həyata keçirə bilər. Digər xırda məsələlər də var ki, onlar da formalaşdırmadan sonra yoluna qoyulacaq. Artıq bələdiyyələr üçün yeni dövr başlayır, birləşdirmə dövlətin bələdiyyələrə olan diqqəti və atılacaq addımların ilkidir. Düşünürəm ki, bundan sonra da addımlar atılmalıdır ki, bələdiyyə sistemi müəyyən inkişaf səviyyəsinə çatsın. Bələdiyyələr əhalinin inam və nüfuzunu qazanmalıdır, hansı ki, müəyyən bələdiyyələrdə bu var”.