Bəlkə Qazaxda atəşkəsin pozulmasını Rusiya özü təşkil edib? – Tofiq Zülfüqarovbackend

Bəlkə Qazaxda atəşkəsin pozulmasını Rusiya özü təşkil edib? – Tofiq Zülfüqarov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, 10 Noyabr üçtərəfli razılaşmasından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidməti Ermənistan-Azərbaycan sərhədində Naxçıvanla sərhəd də daxil olmaqla 5 sərhəd-keçid məntəqəsi yaradıb.

Son vaxtlar ehtimallar gəzir ki, Azərbaycanın məğlub etdiyi Ermənistan ordusunun bərbad durumda olmasından yararlanan Kreml tezliklə bu ölkənin Kəlbəcər, Gədəbəy, Qazax, Tovuz və s. rayonları ilə sərhədlərdə də rus qoşunlarınıı yerləşdirəcək və bu minvalla Ermənistan sərhədlərinin, demək olar ki, hamısını nəzarətinə götürəcək…

Xəbər verildiyi kimi, bu gün – 2 fevral tarixində saat 05:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdəki Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub….

Və bundan sonra belə bir versiya yaranır ki, Ermənistana “Azərbaycanla dövlət sərhədində atəşkəsə riayət olunmasını təmin edə bilmirsiz, 10 Noyabr bəyanatının şərtlərini pozursuz” bəhanəsi ilə təzyiq edərək Qazax-Tovuz istiqamətində də Rusiya FTX-nin sərhəd xidməti bölmələrini yerləşdirməyə çalışan Moskva bəhs edilən məkanda atəşkəsin pozulmasını özü təşkil edə bilər… Bu mümkündürmü?..

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı müraciət etdiyimiz sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında bunları bildirib:

“Əlbəttə, sərhədlərini necə və hansı qoşunlar vasitəsilə qorumaq Ermənistanın daxili məsələsidir. Məlumdur ki, Rusiya ilə ikitərəfli razılaşmalarına görə, İrəvan sərhəd xidmətinin bir hissəsini bu ölkənin FTX-nın sərhəd qoşunlarına həvalə edib. Ordumuzun son qələbəsi sayəsində isə Azərbaycanla Ermənistanın işğaldan öncəki sərhədi bərpa olunub. Və bizimlə dövlət sərhədində xidməti təşkil etmək üçün onlar ya özləri, ya Rusiya ilə birgə nə edəcəklərsə, bu, onların öz problemidir. Bəli, ola bilər ki, bundan sonra Qazax-Tovuz istiqamətində də sərhədi Rusiyanın ixtiyarına versinlər. Bu, onların ikitərəfli razılaşmasından asılı məsələdir. Onsuz da hazırda, məlum olduğu kimi, Ermənistanın iqtisadi və hərbi imkanları çox miskin durumda olduğundan kiminsə onlara yardım etməsi üçün fürsət, bəhanə axtarırlar. Bu baxımdan da Rusiya sərhədçilərinin Qazax-Tovuz istiqamətində yerləşməsi mümkündür. Bizim üçün əsas odur ki, suverenliyimizə, ərazi bütövlüyümüzə xələl gəlməsin və atəşkəs pozulmasın…”- deyə politoloq bildirib.

Sabiq baş diplomat 10 Noyabr razılaşmasına əsasən Qazax rayonunun işğal altındakı 7 kəndinin Azərbaycana qaytarılmsı məsələsinə də toxunub.

“Eyni zamanda atəşkəsin pozulmasında digər bir məsələ daha çox diqqət çəkir: 10 Noyabr razılaşmasına əsasən Qazax rayonunun Azərbaycana təhvil verilməli olan işğal altındakı 7 kəndi… Nəzərə alaq ki, atəşkəs məhz həmin kəndlərdən biri –Aşağı Əskipara istiqamətindən pozulub. Ola bilər ki, Ermənistan daxilində hansısa qüvvələr o ərazilərin Azərbaycana qaytarılmasına müqavimət göstərmək üçün bu atəşkəs pozuntusunu təşkil edib. Digər tərəfdən, bildiyiniz kimi, ermənilər başqa yerlərdə, Qafan-Gorus-Sisyan istiqamətində, eləcə də Naxçıvanın Kərki kəndində sərhəd boyu işğal etdikləri əraziləri heç bir atəş olmadan bizə qaytarıblar. Və Qazaxın kəndlərinin qaytarılmamasında rəsmi Moskva da 10 Noyabr bəyanatında imza atmış vasitəçi kimi məsuliyyət daşıyır. Odur ki, Rusiyanın Qazax istiqamətində Ermənistan tərəfindən nəinki 7 kəndin qaytarılmaması, üstəlik, atəşkəsin pozulması məsələsinə müdaxilə etməyə kifayət qədər haqqı var və hesab edirəm ki, bu, hazırkı durumda bizim xeyrimizə olar… Və təbii ki, Qazax-Tovuz istiqamətində də Rusiya sərhədçilərinin yerləşdirilməsi onların olduğu digər ərazilərdəki kimi atəşkəsə riayət olunmasını daha rahat təmin edə bilər…”- deyə Tofiq Zülfüqarov vurğulayıb.