Bərdə İH-də şəffaflıq sual altında – Kadr təyinatları qanuna uyğundur?backend

Bərdə İH-də şəffaflıq sual altında – Kadr təyinatları qanuna uyğundur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayon icra hakimiyyətlərində kadr təyinatları dövlət qulluğunun əsas prinsiplərinə – şəffaflıq, obyektivlik, peşəkarlıq və bərabər imkanlar prinsiplərinə əsaslanmalıdır. Lakin son günlərdə Bərdə rayon İcra Hakimiyyətində baş verən hadisələr bu prinsiplərin ciddi şəkildə pozulduğu barədə suallar yaradır.

NOCOMMENT.az xəbər verir ki, icra başçısı Vidadi İsayev tərəfindən Leyla Mehdiyeva adlı gənc bir xanım 2024-cü ilin sonlarında ilkin olaraq mütəxəssis vəzifəsinə qəbul edilib. Cəmi 4 ay keçdikdən sonra həmin xanım başqa bir şöbəyə, daha yüksək vəzifəyə keçirilib. Bir neçə ay sonra isə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

Lakin Prezident Adminstrasiyası tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, Leyla Mehdiyevanın dövlət qulluğu stajı tələb olunan minimum stajdan azdır və yaxın qohumunun həbsdə olması faktı mövcuddur.

Bu əsaslarla Leyla Mehdiyevanın əmri cəmi bir gündən sonra ləğv edilmiş və işdən azad edilmişdir. Məsələ bununla bitməli idi,amma bitmir. Prezident Adminstrasiyası “uyğunsuz” deyir, amma Vidadi İsayev yenə də Leyla xanımdan əl çəkmir.

İşdən azad edildikdən sonra Leyla Mehdiyeva Əyricə kənd icra nümayəndəsinin müavini vəzifəsinə təyin edilib. Bərdəli oxucularımızın Yenixeber.org-a verdiyi məlumata görə, kənd icra nümayəndəliyində adı getməsinə baxmayaraq, o kənddə görünmür, faktiki olaraq icra hakimiyyətinə gəlməyə davam edirdi, ona ayrıca kabinet ayrılıb, tez-tez icra başçısının otağına çağırılıb və saatlarla müzakirə aparılması müşahidə olunmuşdur.

Bu müddətdə vətəndaşlar, icra hakimiyyətinin əməkdaşları vacib işləri olmasına baxmayaraq, saatlarla gözləmək məcburiyyətində qalırdılar.

İxtisar, amma yenə də irəli çəkilmə

Leyla Mehdiyeva 9 ay kənd icra nümayəndəliyində formal olaraq müavin işlədikdən sonra, 2025-ci ilin oktyabr ayında yenidən icra hakimiyyətinə İctimai-siyasi və humanitar məsələlər şöbəsinə baş məsləhətçi vəzifəsinə gətirilib.

Lakin Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 10 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş yerli icra hakimiyyətləri orqanlarında dəyişikliklə əlaqədar Leyla Mehdiyevanın vəzifəsi ixtisar edilmişdir.

Leyla Mehdiyeva

Bundan sonra icra başçısı Vidadi İsayevin qərarı ilə Leyla Mehdiyeva müqavilə əsasında yeni ştat vahidi olan İctimai-siyasi və humanitar məslələr sektoruna müdir vəzifəsinə təyin edilib. Belə bir sual çıxır meydana, cəmi 1 il 2 ay dövlət qulluğu stajı olan,əvvəllər heç bir dövlət orqanında işləməyən,peşakarlığı və təcrübəsi az olan, eyni adlı sektorda cəmi 2 ay işləyən,ixtisasca filoloq olan birinin rəhbər vəzifəyə təyin olunması hansı meyarlarla aparılmışdır?

Anoloji vəziyyət digər sektorlarda da, həmçinin Sənədlərlə və vətandaşların müraciətləri ilə iş şöbəsində də baş vermişdir. Belə ki, həmin şöbədə peşakarlığı, təcrübəsi və iş stajı daha çox olan, uzun illər həmin şöbədə çalışmış işçilər kənarda saxlanılaraq, sektor müdiri vəzifəsinə Vidadi İsayev cəmi 2 il İcra Hakimiyyətində başqa bir şöbədə məsləhətçi işləyən Mövlud Mehdiyev adlı şəxsi təyin etmək istəyir.

Ortaya çıxan suallar bunlardır:

• Dövlət qulluğunda qısa müddətli stajla ardıcıl yüksəlişlər nə dərəcədə qanunidir?
• Formal olaraq kənd icra nümayəndəliyində çalışan şəxsin faktiki olaraq icra hakimiyyətində fəaliyyət göstərməsi əmək və inzibati qanunvericiliyə uyğundurmu?
• İxtisar adı altında işdən çıxarılan təcrübəli əməkdaşlar olduğu halda, müqavilə ilə rəhbər vəzifəyə təyinat hansı əsasla aparılır?
• Bu proseslərdə nepotizm və ya subyektiv yanaşma ehtimalı varmı?

Nəticə

Dövlət idarəçiliyində belə hallar:
• vətəndaşların dövlətə olan etimadını sarsıdır,
• dövlət qulluğunda çalışan vicdanlı və təcrübəli əməkdaşların motivasiyasını azaldır,
• qanunun aliliyinə xələl gətirir.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının araşdırma aparması, kadr təyinatlarının qanunvericiliyə uyğunluğunun qiymətləndirilməsi və ictimaiyyətə aydın, əsaslandırılmış cavabların verilməsi zəruridir.

Bakunews.tv