Bəzən valideynlər övladlarını məktəbə tez qoymağa tələsirlər. Onlar düşünür ki, uşaq məktəb və təhsil həyatına nə qədər tez başlasa, bu, onun gələcəyi üçün daha yaxşı nəticələr verə bilər. Bu gün 5 yaşlı uşaqların birinci sinifə qəbul olunması halları artıb.
Maraqlıdır, uşaqların 4 yaşından məktəbə göndərilməsi nə dərəcədə doğrudur?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri uşaqların 6 və ya 7 yaşlarından məktəbə getməsinin daha doğru variant olduğunu deyib:
“Mən sovet pedaqoqlarının nəzəri baxışlarını həmişə bəyənmişəm. Sovet təhsilini tərifləmək niyyətindən uzaq olsam da, onun faydalı tərəflərinin olduğunu etiraf etməliyik. Həmin pedaqoqların elmi araşdırmalar nəticəsində uşaqların 6-7 yaş aralığında məktəbə getməsinin faydalı olduğu irəli sürülüb. Uşağın 6-7 yaşlarında məktəbə getməsi beyin tutumu, qavrayış bacarığı və fizioloji imkanlar baxımından ən ideal variantdır”.
Ekspertin fikrincə, uşaqların 5 yaşında məktəbə göndərilməsi “qonşudan geri qalmasın” rəqabətinin nəticəsidir:
“Son illər uşaqların 5 yaşında məktəbə göndərilməsi dəb halını alıb. Lakin 5 yaşlı uşaqlar yalnız istisna hallarda, xüsusi istetdada malikdirsə, məktəbə getməlidir. Bu qaydalarda xüsusi olaraq vurğulanır. Hazırda biz bunun əksini müşahidə edirik. Buna son qoymaq lazımdır”.
E.Nuri müxtəlif yaşda olan bacı və qardaşların mütləq şəkildə bir sinifə getməsini istəyən valideynlərin yanaşmasını doğru hesab etmir:
“Elə ailələr var ki, qardaşın mütləq bacı ilə eyni sinifdə oxumasını istəyir. Baxırsan ki, qardaşın 5, bacının 6 yaşı var. Bəzən əksi də olur. Bacı ilə qardaş bir sinifdə oxusa, nə olacaq? Minlərlə qız uşağı təhsil alır, məktəbə gedir. Bu yanaşmanı dəyişmək lazımdır. Bu təhsilin problemi kimi yox, cəmiyyətin problemi kimi nəzərdən keçirilməlidir”.