Suriyanın keçmiş prezidenti Bəşər Əsədin hakimiyyəti dövründə edamlar, işgəncələr nəticəsində Dəməşqin kənarındakı Mezze hərbi aerodromunda həbsdə saxlanılan mindən çox Suriya vətəndaşı həlak olub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-də yerləşən Suriya Ədalət və Hesabatlılıq Mərkəzinin (SJAC) insan haqları təşkilatının hesabatında bildirilib.
Məlumata görə, Əsəd hökuməti Mezze hərbi aerodromundan məhbusları saxlamaq üçün istifadə edib. Hesabat müəllifləri iddia ediblər ki, 2011-2017-ci illərdə orada azı 29 min məhbusu saxlanıb.
Hərbi Hava Qüvvələrinin kəşfiyyat məlumatlarının təhlilinə istinad oilunan hesabatda 2011-2017-ci illər arasında həmin aerodromda 1 154 məhbusun öldüyü qeyd edilib. Bundan əlavə, tədqiqat qrupu sağ qalan 156 nəfər və Suriya təhlükəsizlik xidmətinin səkkiz keçmiş əməkdaşı ilə müsahibə aparıb.
SJAC-ın məlumatına görə, araşdırmada iştirak edən sağ qalanların hamısı həbsdə olduqları müddətdə işgəncələrə məruz qaldıqlarını deyiblər.