Bəylə gəlin peyvənd olunmasa… – Uşaq şikəst doğula bilərbackend

Bəylə gəlin peyvənd olunmasa… – Uşaq şikəst doğula bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün aparılan monitorinq nəticəsində toy edən bəy və gəlinin vaksinasiya olunmadığı aşkarlanıb. Onlar vaksinasiya olunmadığına görə toya buraxılmayıblar.

Qeyd edək ki, hadisə “Eldayaq” şadlıq sarayında baş verib.

Maraqlıdır, bəy və gəlin vaksin olunmadan toy edə bilərlərmi? İzdivac qurmaq üçün müraciət edən gənclərin vaksinasiya olunub-olunmaması yoxlanılırmı?

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Yenisabah.az-a açıqlamasında ailə həyatı qurmağa hazırlaşan cütlüklərin vaksin olunmasının vacibliyindən danışıb:

“İki gənc ailə həyatı qurur. Bizim toylarda hamı bir nəfər kimi bir-biri ilə öpüşüb-görüşüb, təbrik edirlər. Təsəvvür edin ki, bu insanlar heç biri vaksin olunmayıb və mərasimdə də virusa yoluxan şəxslər var. Təmas vasitəsi ilə düşünün ki, virusu bəy və gəlinə yoluxdururlar. Bu da yeni ailə həyatı quracaq insanlar üçün böyük riskdir. Çünki yeni evlənənlərin əksəriyyəti uşaq planlaşdırırlar. Onlar övlad dünyaya gətirmək istəyirlər. Lakin yoluxmuş bir qadın əgər hamilə qalarsa, onun bətnindəki körpəyə çox ciddi bir şəkildə ziyan dəyər. Hətta uşaq şikəst olaraq dünyaya gələ bilər”.

Həkimin fikrincə, ailə həyatı qurmağa hazırlaşan gənclər toydan əvvəl vaksin olunmalıdır:

“Təbii ki, evlənməyə hazırlaşan gənclərin toydan xeyli əvvəl vaksin olunması daha yaxşı olar. Vaksin olunduqdan sonra isə rahat şəkildə toylarını edə bilərlər. Vaksinasiya əhalinin sağlamlığı üçün vacibdir. Bəy və gəlin vaksin olunmaqla həm özlərinin, həm də gələcəkdə dünyaya gələcək körpəsinin həyatını xilas etmiş olurlar”.

A.Əliyev gənclərin rəsmi nikah üçün müraciəti zamanı da vaksin olunmalarının yoxlanılmasının vacibliyini qeyd edib:

“Gənclər nikaha girdikləri gün də onların vaksin olunub-olunmaması yoxlanmalıdır ki, toyda belə hallarla qarşılaşmasınlar. Bir sözlə harada kütləvi insanlar toplaşırsa, orada bu qaydalara əməl etmək lazımdır. Vaksinasiya aparılması lazımdır ki, daha təhlükəsizlik olsun”.