Bezdirici endirim SMS-ləri: Komitə sədri də daimi müştəridirbackend

Bezdirici endirim SMS-ləri: Komitə sədri də daimi müştəridir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aranızda telefon nömrəsi endirim kompaniyalarına düşməyən varmı? Gecənin bir yarısı, günün günorta çağı özəl klinikalar, xidmət sahələri bizi endirim kompaniyaları ilə narahat edir. Burada söhbət daimi müştərisi olmadığımız, özümüz əlaqə nömrəmizi vermədiyimiz və qeydiyyatdan keçmədiyimiz müəsissələrdən gedir.

Reklam tipli SMS-lərin təkcə müştərilərə deyil, yaşından asılı olmayaraq, hamıya göndərilməsi qanunla qadağan olunsa da, buna əməl edilmir. Mağazaların telefon nömrələrini necə əldə etməsi isə başqa problemdir.

Telekomnukasiya haqqında qanuna edilən dəyişikliyə əsasən, operator və provayder yalnız reklam verici ilə bağlanan müqavilə əsasında reklam yayımlaya bilər. Abunəçiyə istənilən vaxtda reklamdan imtina etməsi və ya yalnız arzuladığı reklamı yayımlaması üçün imkan yaradılmalıdır. Əks təqdirdə operator və provayder məsuliyyət daşıyır.

Bəs onlar bizim əlaqə nömrəmizi necə əldə edir?

Mobil şirkətlər müştərinin təhlükəsizliyini və rahatlığını qorumalıdır

NOCOMMENT xəbər verir ki, əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev modern.az-a açıqlamasında bu cür xidmət sahələrinin “daimi müştəri”si olduğundan və tez-tez narahat edildiyindən gileylənib: “Telefon şəxsən mənə məxsusdur və mənim icazə verdiyim insanlar zəng edə, mesaj yaza bilər. Amma bir də görürsən gecənin bir yarısı mesaj göndərirlər, zəng edirlər. İnsan narahat olur. Gecənin o saatında ancaq yaxın adamlar təcili hallarda kiməsə zəng edir, mesaj yazır. Gələn mesaja baxırsan ki, mənasız bir bildiriş və ya xidmət təklif olunur. Bu həm də bir mədəniyyət məsələsidir.

Yavaş-yavaş biz bunlardan qurtulmalıyıq. Müvafiq qurumlar lazımi ölçülər götürməlidir. Əgər, mən hansısa mobil şirkətə ödəniş edib, istifadə edirəmsə onlar da müştərinin təhlükəsizliyini və rahatlığını təmin etməlidirlər”.

Komitə sədri qeyd edib ki, bu əslində şəxsi həyata müdaxilə və ciddi qanun pozuntusudur: “Belə addımlara qarşı ən azı inzibati tədbirlər görülməlidir. Təkcə klinikalar deyil, demək olar ki, müxtəlif məhsul satan şirkətlər, xidmət təşkilatları, hətta restoranlar, bir də görürsən sənə aidiyyatı olmayan yerdən daim mesaj gəlir, zəng edirlər. Bu, birbaşa şəxsi həyata müdaxilədir. Həm şəxsin vaxtını alır, əsəbləşdirir, həm də əhval-ruhiyyəyə təsir edir. Hesab edirəm ki, mobil operatorların xüsusi bir proqramı ola bilər ki, bunun qarşısını alsın. Yəni, bununla bağlı bir tədbir görülməlidir. Ümumiyyətlə, bu sahədə, xüsusən mobil telefonlarla bağlı məsələlərdə hələ çox işlər görülməlidir”.

Məsələyə birbaşa cavadeb tərəf olan mobil operatorlardan isə sorğumuzu yalnız “Azercell Telekom” cavablandırıb.

“Azercell”in mətbuat xidmətindən bildirilib ki, şirkət müştəriləri barədə məlumatı heç bir 3-cü tərəflərə ötürmür və müştəri məxfiliyini özünün əsas prioriteti sayır: “Şirkət müştəriləri barədə məlumatı heç bir 3-cü tərəflərə ötürmür. Qeyd etdiyiniz proses, güman ki, avtomatik nömrə yığımı ilə baş verir”.