Bəzi Qarabağ erməniləri artıq buna hazır olduqlarını bildiriblər – Şərhbackend

Bəzi Qarabağ erməniləri artıq buna hazır olduqlarını bildiriblər – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentlərinin və erməni baş nazirin imzaladığı bəyanatda dövlətimizin bütün maraqları ifadə olunub. Xalqımızın və dövlətimizin prinsipial mövqeyi bu sənəddə öz əksini tapıb. İmzalanmış razılaşma 30 ilə yaxındır işğalda qalan ərazilərimizin təcavüzünə son qoyur. Eyni zamanda bu razılaşmada Qarabağa heç bir status, imtiyaz nəzərdə tutulmur.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a millət vəkili Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, illərdir erməni tərəfinin tələb etdiyi məsələlərin ətrafında artıq heç bir müzakirə aparılmır:

“Çünki qalib tərəf Azərbaycandır. Dövlətimizin tələbləri və prinsipləri ortadadır. Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Bu, tamamilə süquta uğradı. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Laçının tam azad edilməsindən sonra Dövlət Sərhəd Xidməti Azərbaycanın ümumi uzunluğu 3360 km. olan bütün su və quru sərhədində vətənimizin keşiyini çəkə biləcək”.

Naqif Həmzəyevin fikrincə, bölgədə sülhməramlıların vəzifəsi oradakı mülki ermənilər və Azərbaycan Silahlı Qüvvələri arasındakı hər hansı insidentin qarşısını almaq olacaq:

“Bəzi Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edərək, Qarabağda yaşamağa hazırdırlar”.

Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılmasının böyük strateji əhəmiyyətə malik olduğunu söyləyən deputat bunun sosial-iqtisadi əlaqələrin inkişafına müsbət təsir edəcəyini vurğulayıb:

“Qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayacaq. Kommunikasiya və digər imkanlar genişləndiriləcək. Bundan sonra işğaldan azad edilmiş hər tarixi torpağımızda azan səsi eşidiləcək”.