Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən rayonda abadlaşdırma işləri çərçivəsində küçələrin işıqlandırma sisteminin əsaslı təmiri ilə bağlı satınalma həyata keçirilir.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 267.365,93 manat təşkil edir.
Məlumata görə, layihə çərçivəsində dərinliyi 2 metrə qədər olan yamaclı xəndəklərdə heç bir bərkitmə aparılmadan əl ilə qazıntı işləri görüləcək, eyni zamanda yol keçidlərində asfalt-beton örtüyün və əsasın sökülməsi nəzərdə tutulur. Bununla yanaşı, diametri 110 mm və 75 mm olan polietilen boruların çəkilməsi, AZS və EN standartlarına cavab verən yüksək təzyiqli PE 100 boruların quraşdırılması planlaşdırılır.
Satınalma sənədlərində həmçinin işıq dirəkləri üçün dərinliyi 0,7 metrə qədər olan çuxurların əl ilə qazılması, kabel xətlərinin qorunması məqsədilə diametri 50 mm olan büzməli PVX boruların torpaq altından keçirilməsi kimi işlərin də yer aldığı göstərilir. Görüləcək işlərin ümumi həcmi minlərlə metr yeraltı kabel və kommunikasiya xətlərini əhatə edir.
Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçı Faiq Qürbətovdur.













