Bakı şəhərinin bəzi küçələrində piyada zolaqlarının olmaması piyadalar üçün ciddi təhlükə yaradır.
Belə ərazilərdən biri də Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsidir.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
“Buradakı çoxzolaqlı kəsişmədən yolu keçmək məcburiyyətində qalan piyadalar hər an təhlükə ilə üz-üzə gəlmək məcburiyyətindədirlər. Çünki Azadlıq prospektindən C.Xəndan küçəsinə keçmək üçün piyada zolağı yoxdur. Bundan əlavə, həmin küçələrin kəsişməsində Binəqədi istiqamətində də yolun sol tərəfinə keçmək üçün piyada zolağı yoxdur”, – deyə şikayətdə yazılır.
Şikayətçi bildirir ki, bu ərazidə nəqliyyatın hərəkəti günün istənilən saatında intensiv olduğu üçün, xüsusən də məktəbə gedən uşaqların o yolu keçmək məcburiyyətində olmaları ciddi narahatlıq yaradır.
“Ərazidəki yanacaqdoldurma məntəqəsinin qarşısında işıqfor var, amma piyada zolağı yoxdur. İşıqforun piyadalar üçün yaşıl işığı yananda həm də qarşıdan gələn avtomobillər üçün yaşıl işıq yanmış olur. Bu baxımdan bu yolda piyada zolağının olması mütləqdir. Problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, cavab verməyi lazım bilməyiblər”, – deyə şikayətdə vurğulanır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq.
Agentliyin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində yol infrastrukturu əlverişsiz olduğundan, həmçinin səki ilə əlaqəlilik olmadığından piyada keçidlərinin təşkili mümkün olmayıb:
“Həmin ərazidə səkilər tikildikdən sonra piyada keçidlərinin təşkil edilməsi məsələsinə baxıla bilər”.