Bir deputatın topdağıtmaz sərvəti: İmamverdi İsmayılov bu sərvəti necə əldə edib? – FAKTLARbackend

Bir deputatın topdağıtmaz sərvəti: İmamverdi İsmayılov bu sərvəti necə əldə edib? – FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 sentyabr Milli Məclisə növbədənkənar parlament seçkilərinə sayılı günlər qaldı. Hələ seçkinin ilk işartıları Yeni Azərbaycan Partiyasının vahid namizdəliyi açıqlananda dəfn olundu. Bəli düz eşitdiniz hakim Yeni Azərbaycan Partiyası yenə demək olar ki, köhnə qvardiyanı meydana buraxdı. Bu o demək idi ki, 30 ildir parlamentdə oturub kreslosundan əl çəkməyən bəzi millət vəkilləri yenə parlament kreslosunda əyləşəcək. 30 ildir parlamentdə oturan hakim Yeni Azərbaycan Partiyasından (YAP) namizədi olan İmamverdi İsmayılov da belə parlamentarilərdən biridir. Seçicilərini yalnız seçki ərəfəsində axtaran İmamverdi müəllim bu dəfə də əhdinə xilaf çıxmayıb. 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi başlayan kimi İmamverdi İsmayılov YAP Qubadlı rayon təşkilatının qərargahında rayon ağsaqqalları və ziyalıları ilə görüşü keçirib. İmamverdi müəllim sadə seçici ilə deyil, Qubadlı icra hakimiyyətinin ora topladığı və 4 ildə bir dəfə üzünü gördüyü ağsaqqallarla görüşüb. Görünür İmamverdi müəllimin yadına seçiciləri yalnız təbliğat vaxtı düşür.

Bu da əbəs deyil. İmamverdi İsmayılov qalan vaxtı öz biznesinin şaxələnməsinə çalışıb.

Adətən, namizədliyini verən bəzi şəxslər və onların fəaliyyəti ilə bağlı qısa araşdırma aparanda bu adamların milyonluq mal-mülkləri ilə bağlı informasiyalar qarşımıza çıxır. Təəssüf ki, İ. İsmayılov da bu qəbildən olan deputatlardan biridir.

NOCOMMENT.az veteninfo.az-a istinadən xəbər verir ki, 30 il işğal altında qalan Zəngilan və Qubadlını təmsil edən İ. İsmayılovun fəaliyyətinə fikir versək, adıçəkilən rayonlardan olan şəxslər üçün ciddi nələrsə etməyinin şahidi olarıq. Hətta Qubadlı-Zəngilan camaatının dərd-sərini söyləmək üçün onu on illərdir axtarıb tapa bilmədiyini də söyləsək, yanılmarıq.

Qısa araşdırma nəticəsində İ. İsmayılovla bağlı dövri mətbuatda yayılan informasiyalardan bəlli olub ki, onun Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanları mövcuddur. Hətta qeyd olunur ki, onun ölkədəki tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payı da var. Məlumatlara görə, deputat ölkənin müxtəlif bölgələrində də özünə iş qurub. Onun Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının olduğu da yayılan xəbərlər sırasındadır.

Hətta bahalı avtomobil həvəskarı olan cənab İsmayılovun 10-AA-706 dövlət nömrə nişanı olan “Mercedes” S-Class və 10-EE-888 nömrə nişanlı “Lexus” markalı maşınlarının olmasına dair də məlumatlar dərc olunub. Qeyd olunan digər bir iddia isə İ. İsmayılovun 5 il bundan öncə Sumqayıtda özünə bahalı villa tikdirməsi ilə bağlı verilən informasiyalar idi. Deyilənlərə görə, o, bu villanın tikintisinə 700 min manatdan çox pul sərf edib.

Hələ deputatın maşın bazarında payından başqa, onun ailəsinə məxsus xüsusi avtomobil seriyaların olduğu da qeyd olunur. Məlumata görə, 999 və 888 seriya nömrələri yalnız İsmayılovlar ailəsinə məxsusdur və onu “özəlləşdirən” də deputatın oğlu – Sumqayıt Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəis müavini, mayor İlkin İsmayılovdur. Həmin İlkin İsmayılov ki, adı qalmaqallı bir qətl işinə belə qarışmışdı. Qubada hoteldə qətlə yetirilən Könül Zalovanın idarə etdiyi avtomobilin də İsmayılovlara məxsus 999 seriyası daşıdığı məlum olmuşdu.

O vaxt Zalovaya məxsus ağ rəngli “İnfiniti FX 35” markalı, 10-OD-999 dövlət nömrə-nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılovla əlaqəli olduğu iddia edilmişdi. Hadisə zamanı İlkin İsmayılovun nömrə alveri ilə məşğul olması barədə söz-söhbətlərin də yayılmasına səbəb olmuşdu.

Mətbuatda onun oğlu ilə bağlı başqa bir qalmaqallı xəbər isə İlkin İsmayılovun direktoru şagirdlərin önündə döyməsi xəbəri idi.
Amma göründüyü kimi, deputat bütün bu qara işlərin içindən sapsağlam çıxıb və hələ növbəti seçkilərdə də deputat olmaq iddiasındadır.

Məclislərin birində İsmayılov seçicilərə borcu olmadığını, haqqını lazım olan yerlərə verib, mandat aldığını bildirib. Onun seçicilərlə 29 illik münasibətsizliyi də bunu açıq şəkildə sübut edir.

Tarixə qısa ekskurs etsək, görərik ki, deputat həyatında bir dəfə Sumqayıtdakı məcburi köçkünlərin arasına gəlib un paylayıb. O undan da insanlar kütləvi şəkildə zəhərlənib.

Araşdırma zamanı məlum olub ki, həmin un məcburi köçkünlərə yardım üçün gəlib, lakin paylanmadığına görə anbarda qalıb və vaxtı keçmiş məhsul olub. Bəlli ki, Azərbaycan reallığında deputatdan seçicilərin razı qalıb-qalmadığı çox da önəmli deyil. Əsas olan həmin adamın var-dövlətinə var-dövlət qatmasıdır. İ. İsmayılov da belə deputatlardan biri kimi bizim xatirimizdə qalıb.

Mövzunu davam etdirəcəyik…