“Bir ovuc erməni ilə bacarmırsınız” deyib məni təhqir etmişdi…backend

“Bir ovuc erməni ilə bacarmırsınız” deyib məni təhqir etmişdi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə əvvəllər də yazmışam. Yəqin ki, bundan sonra da yazacağam. Biz yazmasaq, gələcək nəsillər xatırlamayacaq… 

 

NOCOMMENT.az xəbər verir ki, bu sözləri yenisabah.az-ın baş redaktoru Seymur Verdizadə yazıb.

 

“Oğlum uşaq olanda anam hər gün ona kəndimizdən danışırdı. Nənəsi alma bağımızdan danışanda Şahinin ağzı sulanır, gecələr ev quşlarına hücum edən vəhşi heyvanlardan söz açanda gözləri böyüyür, ağzından süd iyi gələn körpə quzularımızdan bəhs edəndə isə üzü gülürdü. Bir gün o, nənəsindən soruşdu: “Kəndimizə niyə getmirik?”

Dörd yaşlı oğlumun bu sualı qarşısında hamılıqla pərt olmuşduq. Amma bu, ilk dəfə deyildi. O vaxta kimi bu cür naqolay situasiyalarda azı yüz dəfə xəcalət təri axıtmışdıq…

Çoxdanıncı illərdə, daha dəqiq desək, doxsanıncı illərdə qardaş Türkiyədə təhsil alırdım. Orta Asiyadan tutmuş Əfqanıstana, Hindistana qədər hər diyardan tələbə yoldaşlarım vardı. Bizim dövrümüzdə tələbələr çox fəal idi; balaca auditoriyalarda böyük-böyük problemləri müzakirə edirdik. Tarixə ekskursiya etməyi çox xoşlayırıq. Bir dəfə yenə Çaldıran döyüşündən danışırdıq. Mükəmməl tarixçi ola müəllimimiz Xətainin tənqid edəndə vətənpərvərlik damarım yenidən baş qaldırdı. Professor demokratik düşüncəli adam olduğu üçün fikirlərimi açıq şəkildə ifadə edə bilirdim. Sinfimizdə Abdul adlı yekəpər bir əfqanıstanlı vardı. İşi-peşəsi müəllimlərə yaltaqlanmaq idi. Tarix bilgisi kasad olsa da, söhbətə qoşuldu. Ona başı çıxmadığı mövzularda danışmamağı tövsiyə edəndə, belə dedi: “Bir ovuc erməni ilə bacarmırsınız. Əvvəl Qarabağı azad edin, sonra sinənizə döyərsiniz…”

Həmin vaxt necə haldan-hala düşdüyümü təsəvvür edirsinizmi?

Məncə, o qədər də çətin deyil…

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur. Təxminən 20 il əvvəl “Kəndimizə niyə getmirik?” deyən uşaqlar böyüyüb kəndlərimizə gedən yolları ermənilərdən təmizlədilər. İndi bütün yollar Qarabağa aparır…

Uzun illər əvvəl məğlubiyyətimizin səbəbini oğluma belə izah etmişdim: “1993-cü ilin qışında iki həftəliyə tətilə gələndə, yaşı yetmişi haqlamış nənəm üstümə acıqlanmışdı: “Göydən od yağır, sənin burda nə işin var?!” Tətilimi başa vurub geri qayıdanda, nənəm mənə tapşırmışdı ki, yayda bir iş tapıb oralarda başımı qatım, Azərbaycana qayıtmayım…”

1998-ci ildə ali təhsilimi başa vurub hərbi xidmətə getdim. İndi olduğu kimi o vaxt da ali təhsillilər cəmi bir il əsgərlik çəkirdi. Səhhətimdə problem yarandığı üçün bir ilin 3 ayını hospitalda keçirdim…

2019-cu ildə oğlum ali təhsilini yarınmçıq qoyub könüllü əsgərliyə getdi. İndi olduğu kimi o vaxt da orta təhsillilər 1 il 6 ay əsgərlik çəkirdilər. 2020-ci ildə müharibə başladığı üçün Şahin ilyarım deyil, 1 il 9 ay əsgərlik çəkdi.

İndi bildinzimi Qarabağ necə işğaldan azad olundu?

9 ay xidmət edən atalardan fərqli olaraq, oğullar 1 il 9 ay Vətənin keşiyində dayandığı üçün düşmən rədd olub torpaqlarımızdan getdi.

Alnımızdakı ləkəni təmzilədiyin üçün alnından öpürəm, əsgər!

Üzünüz ağ olsun balalar!

Bayramın mübarək, Azərbaycan!”