Bəzən başqa birinin kartına pul göndərərkən kart nömrəsini səhv yaza bilərik. Məbləğ kiçik olanda vətəndaşlar pulun geri qaytarılması üçün banka müraciət etmirlər. Lakin məbləğ çox olanda isə bu hal vətəndaşları narahat edir.
Belə bir hal baş verəndə nə etmək lazımdır? Bu pulu geri qaytarmaq mümkündürmü?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan vəkil Tağı Hüseynov bildirib ki, kartdan istənilən şəxsə pul göndərildikdə, köçürmə zamanı müəyyən məlumatlar görünür.
“Məsələn, pulun hansı karta və hansı banka məxsus karta göndərildiyi aydın olur. Lakin həmin şəxs tanımadığımız biri olduğu üçün onunla bağlı tam məlumat əldə etmək mümkün olmur.
Bu halda banka müraciət edilir. Ancaq adi müraciət və ya ərizə ilə bank cavab vermir. Mütləq şəkildə vəkil sorğusu tələb olunur. Yəni şəxsin özünün müraciətinə bank cavab verməyəcək.
Vəkil sorğusu ilə banka müraciət edilir və sorğuda konkret olaraq göstərilir ki, filan hesaba göndərilmiş pul var, xahiş olunur həmin hesabın kimə məxsus olduğu barədə rəsmi məlumat verilsin.
Bank iki cür cavab verə bilər:
Ya hesab sahibinin kimliyi və qeydiyyat ünvanı barədə məlumat təqdim edir ki, bu da həmin şəxsi tapmaq, ondan pulu tələb etmək və ya məhkəməyə müraciət etmək üçün əsas yaradır. Ya da bank imtina cavabı verir və bildirir ki, bu məlumat bank sirridir və açıqlana bilməz”.
Vəkil bildirib ki, əgər bank imtina edərsə, bu zaman artıq bankın özü məhkəməyə verilir:
“Bankın hüquqi ünvanına uyğun olaraq müvafiq məhkəmədə iddia qaldırılır və məhkəmədən xahiş olunur ki, bankın üzərinə öhdəlik qoyulsun və həmin hesab sahibinin məlumatları açıqlansın.
Məhkəmə prosesində bank iştirak edir və məhkəmənin tələbi ilə hesab sahibinin məlumatlarını təqdim etməyə məcbur olur”.
“Bundan sonra bank iş üzrə cavabdehlikdən çıxarılır və əsl cavabdeh, yəni pulu alan şəxs prosesə cəlb edilir.
Cavabdehin əvəz edilməsi həyata keçirilir və göndərilmiş pul artıq birbaşa həmin şəxsdən tələb olunur. Məsələ hüquqi baxımdan bu qaydada həll edilir”, – ekspert yekunlaşdırıb.













