Birinci qrup üzrə plan yerlərinin sayı AÇIQLANDIbackend

Birinci qrup üzrə plan yerlərinin sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

NOCOMMENT xəbər verir ki, bu barədə məlumat I qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb. Bildirilib ki, 2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 12 min 275, rus bölməsi üzrə 935, hər iki bölmənin birgə müsabiqəsi üzrə isə 3209 olmaqla ümumilikdə 16 min 419 plan yeri nəzərdə tutulur. 10 min 785 yer üzrə qəbul dövlət sifarişi əsasında aparılır.

Riyaziyyat və fizika ixtisaslarının hər biri üçün dövlət sifarişi üzrə ayrılmış 25 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

Kompüter elmləri, geologiya və geofizika mühəndisliyi, neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarının hər biri üçün dövlət sifarişi üzrə ayrılmış 30 yerin müsabiqəsində Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 50 yerin müsabiqəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

Qeyd edək ki, bu il I qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər isə qismən fərqlidir. Bu barədə ətraflı məlumatla I ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça tanış olmaq mümkündür.

Xatırladaq ki, avqustun 16-dan 28-dək I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi keçiriləcək.

Hər bir ixtisas üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı və dövlət sifarişinin yerinə yetirilməsində iştirak edən ali təhsil müəssisələrinin siyahısı və ayrı-ayrı ixtisasların ali məktəblər üzrə plan yerlərinin sayı, onların kodları, təhsil formaları (əyani, qiyabi) və təhsil haqqının məbləği “Abituriyent” jurnalının 2022-ci il 4-cü nömrəsində dərc olunub.