Bitməyən yüzillik Tailand-Kamboca münaqişəsi – ŞƏRHbackend

Bitməyən yüzillik Tailand-Kamboca münaqişəsi – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin sərhədlərinə yaxın ərazidə müharibə gedir. Savaş iyulun 24-də qədim Ta Moan Thom məbədi yaxınlığında başlayıb. Bura hazırda Tailand ərazisi sayılsa da, Kamboca da ona iddia edir.

Məlumata görə, silahlı toqquşma nəticəsində 15 nəfər ölüb. Tailand və Kamboca onminlərlə sakini döyüş bölgəsindən təxliyə edib. Rəsmi Banqkok Kamboca ilə sərhəddə yerləşən dörd əyalətdə – Surin, Buriram, Sisaket və Ubonratçathanidə yaşayan sakinləri təxliyə etmək qərarına gəlib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, belə toqquşmalarda tərəflər adətən bir-birini ilk atəş açmaqda günahlandırır. Rəsmi Banqkok bildirib ki, Kamboca ağır artilleriyalarla Tailandın həm hərbi, həm də mülki obyektlərə hücum edib. Odur ki, Tailand da F-16 qırıcıları ilə Kambocadakı hədəflərə zərbələr endirib.

Müharibə artıq iki gündür davam edir. Tərəflər arasında ərazi münaqişəsi on illərdir var. İki ölkə münasibətlərində gərginlik bu ilin mayında başlayıb. Tailand hərbçisi mübahisəli ərazidə piyada əleyhinə minaya düşərək öləndən sonra ölkə Kambocanı yeni minaların qoyulmasında günahlandırır. Rəsmi Pnompen bunu təkzib etməklə yanaşı, minaların uzun illər davam edən vətəndaş müharibəsi nəticəsində meydana gəldiyini bildirir.

Bundan sonra tərəflər səfirlərini geri çağırıb, diplomatik münasibətlər pisləşib.

İndi Kamboca Müdafiə Nazirliyi ağır artilleriyadan – BM-21 “Qrad” qruğularından qarşı tərəfə fasiləsiz atəş açır. Tailand da vəziyyətə uyğun olaraq adekvat cavab atəşi verir.

Hələ ki dünyanın aparıcı gücləri bu münaqişəyə münasibət bildirməyib. Əvvəllər ABŞ, Çin, Avropa İttifaqı, Böyük Britaniya problemin dinc, danışıq yolu ilə həlli tərəfdarı olduqlarına dair açıqlama ilə çıxış ediblər.

Çin Kambocada olan vətəndaşlarını Tailandla sərhəd bölgələrindən uzaq durmağa çağırıb.

Bu gün, iyulun 25-də BMT Təhlükəsizlik Şurası bu silahlı qarşıdurma ilə bağlı fövqəladə iclas keçirəcəyini elan edib. İclas Kambocanın Baş naziri Hun Manetin xahişi ilə çağırılıb. Perspektivdə ABŞ və Çin münaqişə edən tərəflər arasında vasitəçilik edə bilər.

Tailand və Kamboca aralarındakı 817 kilometrlik sərhədlə bağlı yüz ildən çoxdur mübahisə edir. Onlar arasında dəfələrlə bu zəmində müharibə də baş verib. Münaqişənin mərkəzində Preahvihea məbəd kompleksi və ətraf torpaqlardakı vəziyyət dayanır. Məbəd 2008-ci ildən UNESCO-nun Dünya İrsi obyekti sayılır. Ona hər iki ölkə iddia edir.

Tailand Müdafiə Nazirliyi döyüşlərin sərhədboyu ən azı altı rayonda davam etdiyini bildirib.

Tailand Kamboca ilə sərhədini artıq bağlayıb. Ölkənin Pnompendəki səfirliyi vətəndaşlarını Kambocanı tərk etməyə, ora səyahəti nəzərdə tutanları isə səfərlərini təxirə salmağa çağırıb.

İki ölkə arasındakı sərhəd əsasən XIX əsrin ikinci yarısında – Kamboca fransız Hindistanının bir hissəsi olduğu zaman müəyyən edilib. 1962-ci ildə BMT-nin Beynəlxalq Məhkəməsi Preahviheanın Kambocaya məxsus olduğuna dair qərar qəbul edib. Ancaq bununla belə mübahisəli rayonlar yaxınlığında sərhəddə toqquşmalar ara verməmişdi.

2008-ci ildə Pnompen mübahisəli ərazidə yerləşən XI əsr məbədini UNESCO-nun dünya irsi obyekti kimi qeydiyyata almağa çalışmışdı. Onda bu, münaqişənin gərginləşməsinə səbəb olmuşdu. Növbəti illərdə baş verən toqquşmalar nəticəsində hər iki tərəfdən yeddi nəfər (həm mülki, həm də hərbi) həlak olmuşdu.

Hazırda Kamboca Tailanddan meyvə və tərəvəz idxalını, Tailand filmlərinin nümayişini qadağan edib. İki ölkənin sərhədindəki bir çox keçid məntəqələrinin işi dayandırılıb, yaxud məhdudlaşdırılıb.

Bir əsrdən çox yaşı olan bu münaqişənin həlli yolunu özləri danışıqlarda görürlər. Tailandın müvəqqəti Baş naziri Phumtam Veçayaçai deyib ki, Kamboca ilə münaqişə həssas məsələ olaraq qalır, ona ehtiyatla və beynəlxalq hüquq çərçivəsində yanaşmaq lazımdır. Kamboca Baş naziri Hun Manet də bildirib ki, Pnompen münaqişənin sülh yolu ilə həllini istəyir. Hökumət başçısının sözlərinə görə, onlar problemlərin sülh yolu ilə həlli mövqeyindən çıxış edirlər: “Ancaq bu halda silahlı təcavüzə silahlı qüvvələr vasitəsilə cavab verməkdən başqa seçimimiz yoxdur”.

Bu arada sual yaranır, bu ölkələrin arxasında kim durur?

ABŞ ilə Tailanda arasında 2024-cü ildə ticarət dövriyyəsi 63,3 milyard dollar olub. Tailand Ştatlardan xam neft, neft-qaz, qarşı tərəf isə ABŞ-yə kompüter və aksesuarlar, yayım avadanlığı, yarımkeçirici cihazlar idxal edir.

Kamboca ilə Ştatlar arasında ötən il ticarət dövriyyəsi 13 milyard dollar təşkil edib.

Son illə Çinlə Tailand arasında ticarət dövriyyəsi artıb. Ancaq bu barədə konkret rəqəmlər media səviyyəsində açıqlanmayıb. Bununla belə. Kamboca ilə Çin arasında ticarət dövriyyəsi 21 milyard Kanada dolları təşkil edib.

Ticarət dövriyyəsində fərqlərə baxmayaraq, Tailandla Kambocanın ABŞ və Çinlə münasibətləri normaldır. Düzdür, Kamboca vaxtilə rəsmi Pekinlə eyni siyasi-ideoloji xətdə olub. Bununla belə, rəsmi Pnompen ABŞ ilə əlaqələrə üstünlük verir.

Hadisənin Çin sərhədləri yaxınlığında baş verməsi Siam körfəzində gərginliyi artıra bilər. Bundan başqa, Çinin təhlükəsizliyinə müəyyən problem yaradar. Ancaq mübahisəli ərazi Preahvihea və Ta Moan Thom daha çox iki ölkənin məsələsi olduğundan region və ondan kənar qüvvələr müdaxilədə maraqlı deyil.

Göründüyü kimi, Tailand və Kambocanın addımları aparıcı dövlətlər tərəfindən müdafiə edilmir. Çünki onlar münaqişə edən tərəflərlə yaxın əməkdaşlıq edirlər. Müharibədən iki gün keçməsinə baxmayaraq, aparıcı dövlətlərin hadisəyə seyrçi, gözləmə mövqedən yanaşmaları bunun təsdiqləyir.

Ehtimal olunur ki, gərginlik yaxın zamanda aradan qalxacaq. Belə şəraitdə xarici müdaxilə münaqişənin qızışmasına, güclənməsinə təsir göstərər. Bu baxımdan, tərəflərin “döyüşüb, yorulub, dil tapmaları” prinsipi neytral mövqe sayılır.

Cari il aprelin 24-də Hindistan Pakistana hücum etmişdi. ABŞ-nin məsələyə müdaxiləsi nəticəsində bu savaş mayın 10-da atəşkəslə başa çatdı. Bu baxımdan, Tailand və Kamboca müharibəni başa çatdırmazsa, onda qonşu Çin, yaxud uzaqda yerləşən ABŞ tərəflər arasında vasitəçilik edə bilər.

Bundan başqa, hesab olunur ki, qarşıdurmanın dayanması üçün hər iki tərəfdə kifayət qədər nüfuza malik olan lider çatışmazlığı var. Odur ki, bu silahlı toqquşma nəticəsində Tailand və Kambocada yeni lider ortaya çıxa bilər.

Müharibə hazırda kiçik bir ərazidə davam edir. Onun böyüməsinin qarşısını almaq üçün vasitəçi yeri boşdur. Tailand və Kambocanın timsalında beynəlxalq hüquq və münasibətlərdə də yeni böhran ortaya çıxır. Bu mənada, BMT Təhlükəsizlik Şurası yeni bir imtahan qarşısındadır.