Biz özümüzü tez-tez xarici ölkələr ilə müqayisə edirik, lakin etiraf edək ki…backend

Biz özümüzü tez-tez xarici ölkələr ilə müqayisə edirik, lakin etiraf edək ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox yaxşı olardı ki, teatrlar da tezliklə açılsın”.

NOCOMMENT.az xəbər verir ki. bu sözləri Xalq artisti Afaq Bəşirqızı Musavat.com-a açıqlamasında bildirib. Xalq artisti qeyd edib ki, bu yaxınlarda aktyorların sayının az olması şərti ilə müəyyən məşqlər başlaya bilər: “Mart ayının 10-da Azərbaycanda Milli Teatr Günü, 27-də isə Beynəlxalq Teatr Günüdür.

Lakin bütün bunlara çox da ümid etmək olmaz. Bir ildən çoxdur teatrların fəaliyyətinə fasilə verilib. Tamaşalar təqdim etmək üçün mütləq musiqiçilər, aktyorlar birlikdə məşq etməlidirlər. Bu isə hazırda mümkün deyil.

Özümüzü tez-tez xarici ölkələr ilə müqayisə edirik. Lakin bizim həyat tərzimiz, həmçinin teatrlarımız çox fərqlidir. Ona görə də xaricdə olan sistemlərlə ayaqlaşa bilmərik, bunu açıq etiraf edək.

İnsanların sıx yaşadığı böyük şəhərlərdə mədəniyyət sahələri qeyri-ixtiyari olaraq inkişaf edir. Lakin kiçik ölkələrdə bu, bir qədər çətin məsələdir. Nəzərə alaq ki, pandemiya ilə bərabər biz İkinci Vətən müharibəsini də yaşamışıq. Müharibə teatr və mədəniyyət sahəsi üçün də böyük zərbə oldu. Bizim şəhidlərimiz var və o hadisələri tez-tez yada salırıq. Bunun fonunda teatrın, kinonun fəaliyyət göstərməsi çox çətindir.

Amma qeyd etdiyim kimi, ümid edirəm ki, yaxın zamanlarda müəyyən tamaşaların məşqlərinə başlaya bilərik. Onsuz da iyul ayında teatrlar buraxılır. Həmin vaxta qədər yeni sezon üçün tamaşaların hazırlıq dövrü olar və bu, daha məqsədə uyğundur. Yoxsa ki, tamaşa təqdim etmək üçün vaxt azdır və tələsik nəyisə etmək düzgün olmazdı.

Bəzən fikirlər səsləndirirlər ki, az tamaşaçı ilə teatrların fəaliyyətini bərpa etmək mümkündür. Lakin qeyd edim ki, teatrda az tamaşaçı ilə tamaşa oynamaq aktyor üçün çox böyük bir problemdir, çətindir. Eləcə də, məlum olduğu kimi, teatrın da xeyli xərcləri olur. Bir tamaşa üçün xeyli xərc çəkmək lazım gəlir.

Problemlər çoxdur, ona görə də, bu məsələ ilə bağlı konkret fikir səsləndirmək mümkün deyil. Bu, ancaq şəraitdən asılıdır”.

“Aktyorların 1 il səhnədən uzaq düşməsi onların yenidən məşqlərə adaptasiya olunmasına təsir göstərə bilərmi?” sualımıza isə Xalq artisti bu cür cavab verdi:

“Əlbəttə ki, peşəkar aktyor üçün uzun müddətdən sonra belə səhnəyə, məşqlərə adaptasiya olunmaq çətin deyil. Bu, sadəcə, elə-belə sözdür.
Son bir il ərzində hamımız eyni hissləri yaşadıq, sıxıntıları keçirdik. Ona görə də birlikdə hər kəs səfərbər olunacaq. Biri var ki, bir aktrisanın başına gəlsin, biri də var ki, ümumi kütlənin. Ona görə də səfərbər olub, yenidən öz gücümüzü bərpa edəcəyik”.

Ötən il 65 illik yubileyi tamam olan Afaq Bəşirqızı vaksin olunub-olunmayacağından da söz açıb:

“Səhhətimlə bağlı mənə vaksin vurdurmaq olmaz. Lakin əgər təcrübə özünü doğrultsa, hamıda inam yaranacaq. Yox, əgər vaksinasiyadan sonra vaksin olunan adamlar vaksinin xeyri olmadığını deyəcəklərsə, , bu zaman insanlar arasında inam da olmayacaq. Ona görə bu məsələ yalnız təcrübədən asılıdır”.