Bizə Paşinyanın ölüsü lazımdır, yoxsa dirisi?backend

Bizə Paşinyanın ölüsü lazımdır, yoxsa dirisi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan cəmiyyətində Ermənistan Baş naziri Nikol Paşinyanla bağlı ikili rəy var. Bəziləri onun hakimiyyətdə qalmasını daha məqsədə uyğun görür. O, nisbətən Azərbaycanın maraqlarını təmin edən, sülh imzalamağa çalışan siyasətçi kimi səciyyələndirilir.

Bu şəxslərin fikrincə, Qərbmeyilli olan Paşinyanın hakimiyyətdən getməsi işləri daha da pisləşdirə bilər. Hətta baş nazirin devriləcəyi təqdirdə yeni hakimiyyətin onun dövründə imzalanmış sənədləri keçərsiz sayacağı ilə bağlı iddialar var.

NOCOMMENT yenisabah-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli – “Bizə Paşinyanın ölüsü lazımdır, yoxsa dirisi”, – sualına belə cavab verib: “Paşinyan ətrafında təfriqələr qurulub. Çalışırlar ki, onu hakimiyyətdən uzaqlaşdırsınlar. “Qarabağ klanı”, revanşist qüvvələr, “Daşnaksütyun” partiyasının tör-töküntüləri Paşinyan hakimiyyətinə qarşıdır. Rusiyada bir qrup qüvvənin fəaliyyəti Ermənistanda yeni hakimiyyət qurmağa yönəlib. Həmin qüvvələrin düşüncəsində Paşinyan liberal baxışlı və Qərbin təyin etdiyi nümayəndədir.

Amma mən Ermənistanda hakimiyyətin asanlıqla devriləcəyini düşünmürəm. Paşinyana dəstəyini bildirmək üçün ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edəcək. Bu qoca qartdaq xanım elə bil müharibə pərisidir…”

Q.Hüseynli əlavə edib: “İndiki şəraitdə Paşinyanın Ermənistan cəmiyyətində nüfuzunun yüksək olduğu qənaətindəyəm. Parlamentdə səs çoxluğu onun partiyasına mənsubdur. Müharibədəki məğlubiyyətdən sonra xalq onu yenidən parlamentə və baş nazir kürsüsünə seçib. Hələ ki etibar krediti qalır.

Xaricdən ona qarşı təxribatlar hazırlanır, yəni öldürmək və yaxud devirmək istəyirlər. Ola bilər ki, məqsədlərinə çatsınlar. Ancaq gerçəkləşməsi çox çətin prosesdir.

Paşinyan erməni liderlər arasında ən uyğunudur. Demokratik baxışlıdır, hakimiyyətə xalqın seçimi əsasında gəlib və sülh yaratma prosesində müəyyən addımlar atmağa çalışıb. Onun hakimiyyəti devrilsə, başda oturan revanşist qüvvələr olacaq. Ehtimalın real olacağı təqdirdə Cənubi Qafqazda işlər daha betər ola bilər. Sadaladığım səbəbə görə Paşinyanın hakimiyyətdə olması həm Azərbaycan, həm də Ermənistan cəmiyyəti üçün xeyirlidir”.

Politoloq bildirib ki, Ermənistanda yeni hakimiyyət Paşinyanın imzaladığı sənədləri əsassız saya, beynəlxalq hüquqa zidd addım ata bilməz: “Beynəlxalq hüquqda hakimiyyətdə olan şəxsin imzaladığı sənədlər hər zaman hüquqi qüvvədə qalır. Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanat heç bir zaman qüvvədən salına bilməz”.