BMT-də bizə qarşı növbəti təxribat hazırlanır – Prezidentbackend

BMT-də bizə qarşı növbəti təxribat hazırlanır – Prezident

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz.

NOOCOMMENT.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə söyləyib.

“Mən bunu artıq bir neçə dəfə demişəm, bu gün də demək istəyirəm. Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub. Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışdır və biz bu gün görüşdüyümüz vaxtda BMT-də bizə qarşı növbəti təxribat hazırlanır. Artıq bir neçə gündür ki, xüsusi canfəşanlıqla seçilən bəzi ölkələr bizə qarşı növbəti çirkin planlarını həyata keçirmək əzmindədir. Amma hələ ki, bir şey əldə edə bilmirlər, neçə gündür əlləşirlər. Gələn həftə də öz səylərini göstərəcəklər”, – deyə dövlətimizin başçısı bildirib.

İlham Əliyev deyib ki, Laçın yolunda baş verən hadisə gün kimi aydındır.

“Bu, bizim legitim hüququmuzdur. Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır. O təbii sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq hüquqi normaya görə cinayətkardırlar…

…Çünki bu, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazimizdir və haqlı tələbimiz var ki, bizim ictimaiyyət nümayəndələri və ilk növbədə, ondan əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq keçirməlidirlər. Baxmalıdırlar orada hansı işlər baş verir və o qanunsuz fəaliyyət dayandırılmalıdır. Bizim haqlı tələbimiz bundan ibarətdir”, – deyə dövlət başçısı vurğulayıb.

Ancaq Laçın yolundakı vəziyyətin bu gün təhrif edilmiş tərzdə təqdim olunduğunu bildirən Prezident İlham Əliyev deyib:

“Yenə yalan, yenə iftira, yenə böhtan, kim bunu edir, biz hamımız yaxşı bilirik. Yenə də deyirəm, Ermənistan dövləti hazırda burada ilk sıralarda deyil. Amma bu, bizi heç nədən çəkindirməyəcək. Biz artıq bunu dəfələrlə sübut etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək.