“Ölkədə aparılan islahatlar həyatımızın hər bir sahəsini əhatə edir, daha çevik və şəffaf idarəetmə sisteminin qurulmasına xidmət göstərir. Biz dövlət idarəetmə sistemində struktur və institusional islahatların aparıldığını və onun müsbət nəticələrini görmüşük. İndi isə bu islahatların davamı olaraq dövlət qulluqçuların əməkhaqlarının da təkmilləşdirilməsinə və daha rəqabətqabiliyyətli bir sistemin formalaşdırılması istiqamətində işlər aparılır”.
Bunu NOCOMMENT.az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.
O bildirib ki, bu baxımdan dövlət başçımızın imzaladığı yeni qanunvericilik aktları yuxarıda qeyd etdiyim istiqamətləri daha təkmil qurmağa, vahid struktur əsasında daha optimal və balanslı effektli modelə keçməyə imkan verəcək:
“Belə ki, dövlət qulluğunda əməkhaqqı sistemindəki mürəkkəblik aradan qaldırılır. Yəni əməkhaqqına əlavə olunan bonus və artım sistemi ləğv edilərək vahid vəzifə maaşları formalaşacaq. Bu da bəzi sahələrdə bonus şəklində edilən ödəmələrlə bağlı disproporsiyanı aradan qaldıracaq və dövlət qulluğu sistemində çalışanlara şəffaf şəkildə müəyyən olunmuş tariflər əsasında əməkhaqlarının ödənildiyi yeni bir model yaradacaq. Daha ədalətli və rəqabətli əməkhaqqı sistemi dövlət qulluğuna daha savadlı və ixtisaslı kadrların cəlb olunmasına şərait yaradacaq. Bu isə idarəetmə keyfiyyətini yüksəldəcək. Həmçinin, dövlət qulluğu sistemində əməkhaqlarının özəl sektorla rəqabətədavamlı səviyyəyə gəlməsi bu sahəyə daha peşəkar kadrların cəlb olunmasına stimul verəcək. Bu dəyişiklik təkcə sosial xarakter daşımır, həm də dövlət idarəçiliyində effektivliyi artıracaq”.

Deputat qeyd edib ki, əməkhaqqı sisteminin təkmilləşdirilməsi və vahid formaya salınaraq şəffaf mexanizmlərin tətbiqi qeyri-rəsmi gəlir axtarışını azaldaraq dövlət qulluğunda korrupsiyanın azalmasına və daha şəffaf idarəçiliyin qurulmasına xidmət edəcək:
“Belə bir əməkhaqqı modelinin tətbiqi dünya ölkələri təcrübəsində mövcuddur. Məsələn, Gürcüstan, Sloveniya, Latviya, Estoniya, Sinqapur, Honq-Konq və digər Avropa ölkələrində dövlət qulluğunda vahid vəzifə maaşı sisteminin tətbiqinin müsbət nəticələri müşahidə olunur.
Görünən odur ki, yeni modelə uyğun olaraq əməkhaqlarının iş nəticələrinə əsasən müəyyən edilməsi dövlət qulluqçularının daha məsuliyyətli və səmərəli işləməsinə səbəb olur. Eyni zamanda rəqabətli maaşlar dövlət sektorundan özəl sektora keçidin qarşısını qismən alır və təcrübəli kadrların sistemdə qalmasını təmin edir. Bu həmçinin motivasiyalı və peşəkar kadrların vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artmasına töhfə verəcək.
Əməkhaqlarının vahid vəzifə maaşı səviyyəsinə gətirilməsi əməkhaqqı fondunun düzgün planlaşdırılması və optimallaşdırılmasına imkan yaradaraq dövlət xərclərinin effektivliyini artıracaq. Bu, əməkhaqqı sisteminin daha stabil və düzgün proqnozlaşdırılan bir modelə keçidini təmin edəcək. Sonda qeyd edə bilərəm ki, bu islahat dövlət qulluğunu daha şəffaf, effektiv və vətəndaş yönümlü bir sistemə çevirərək idarəetmənin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldə bilər.”
Turan
NOCOMMENT.az









