Boris Consonun gizlədə bilmədiyi şəxsi həyatı: 3 arvadı, 1 sevgilisi, 7 uşağı…backend

Boris Consonun gizlədə bilmədiyi şəxsi həyatı: 3 arvadı, 1 sevgilisi, 7 uşağı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Böyük Britaniyanın baş naziri vəzifəsindən istefa verən Boris Conson hazırda dünyanın ən çox müzakirə olunan siyasətçisidir. O, dövrümüzün ən xarizmatik siyasətçilərindən biri hesab olunur. Bu günlərdə dünya mətbuatı öz manşetlərini Consona aid məlumatlarla təqdim edir.

Boris Conson istefa versə də, bu ilin oktyabr ayına kimi – hakim Mühafizəkarlar Partiyasına yeni lider seçilənə qədər səlahiyyətlərinin icrasını davam etdirəcək.

Boris Conson xeyli vaxt idi ki, 2020-2021-ci illərin koronavirus qapanmaları, sərt karantin rejimləri dövründə hökumət iqamətgahında keçirilən kütləvi şənlik mərasimlərinə qatılmaqda ittiham olunurdu.

2022-ci il iyulun 5-dən başlayaraq dünənə kimi hökumətin 60-a yaxın üzvü, o cümlədən xeyli nazir istefa verərək, baş nazirə etimadsızlıq nümayiş etdirib, Boris Consonu postunu tərk etməyə çağırıb.

Boris Conson əvvəllər adı müxtəlif qalmaqallarda hallanmış Kristofer Pinçerə hakim partiyada yüksək vəzifə verməkdə də təqsirli bilinirdi. Parlamentin üzvü olan Kris Pinçer iyunun 29-da paytaxt Londonun klublarının birində sərxoş vəziyyətdə dava salıb, ertəsi gün günahını boynuna alaraq istefa verib, bununla da hökumətə sarsıdıcı zərbə vurub.

19 iyun 1964-cü il təvəllüdlü Boris Conson ABŞ-nin Nyu York şəhərində dünayaya gəlib. Böyük Britaniyanın Oksford Universitetinin məzunudur. Uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. Böyük Britaniya parlamentinin İcmalar Palatasına ilk dəfə 2001-ci ildə seçilib. 2008-2016-cı illərdə Londonun meri, 2016-2018-ci illərdə Böyük Britaniyanın xarici işlər naziri olub.

Boris Conson 2019-cu il iyulun 23-də Mühafizəkarlar Partiyasının lideri seçilib, iyulun 24-də isə baş nazirliyə başlayıb. 2019-cu il dekabrın 12-də keçirilmiş parlament seçkisini udan Mühafizəkarlar Partiyası yenidən hökumət qurub. Mühafizəkarlar Partiyası parlamentin alt qanadı olan 650 yerlik İcmalar Palatasında 358 mandatla təmsil olunur.

Onun atasının babası Əli Kamal – türkiyəli jurnalist, Osmanlı İmperiyasının son Böyük vəziri Əhməd Oqtay hökumətində qısa müddət daxili işlər naziri olub. Bu vəzifədə olaraq o, Mustafa Kamal Atatürkün həbsinə əmr vermişdi. Atatürk hakimiyyətə gəldikdən sonra general Nurəddin Konyarın əmri ilə Əli Kamal edam edilib.

Bundan sonra Boris Consonun babası Osman Əli İngiltərəyə qaçıb və orada Vilfred Conson adını qəbul edib.

Borisin ata nənəsi Hənifə Fered Qafqaz müharibəsi zamanı Osmanlı İmperiyasına qaçan çərkəzlərdən idi.

Boris Consonun anasının babası, Calvariyadan olan (indiki Litvada, o zaman Rusiyada) yəhudi mənşəli amerikalı alim-paleoqraf Elias Everi Levidir.

Anasının nənəsi Helen Treysi Lav-Porter (1876-1963) alman dilindən bədii nəsri tərcümə edən amerikalı tərcüməçi olub.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, Boris Consonla bağlı maraqlı məqamlardan biri onun şəxsi həyatı, o cümlədən övladlarının sayı ilə bağlıdır.

Britaniya mediası Consonun 7 övlad atası olduğunu bildirir, ancaq onun özü bu haqda danışmaqdan yayınır. Baş nazir dəfələrlə neçə uşağı olduğunu söyləməkdən imtina edib, lakin 2021-ci ilin sentyabrında NBC kanalına verdiyi müsahibədə 6 övlad atası olduğunu bildirmişdi.

İstefaya gedən baş nazirin sonuncu – 7-ci övladı 9 dekabr 2021-ci ildə London xəstəxanasında anadan olub. Bu qız uşağı Boris və həyat yoldaşı Kerrinin dünyaya gələn ikinci övladıdır.

Cütlüyün birinci övladı 2020-ci ilin aprelində dünyaya gələn Vilfred adlı oğlandır.

Qeyd edək ki, Boris Conson üç dəfə rəsmən evlənib.

Onun ilk evliliyi Allegra Mostin-Ouven adlı qadınla olub. Cütlük 1987-ci ildən 1993-cü ilə qədər 6 il bir yerdə yaşasa da, bu izdivacdan uşaq olmayıb.

Britaniya baş nazirinin ikinci həyat yoldaşı vəkil Marina Viler olub. Onların 25 illik evliliyi dövründə 4 övladı doğulub. Bu uşaqlar artıq yetkinlik yaşnı geridə qoyublar.

Boris Conson və Marina Viler 2020-ci ildə boşanıb.

Britaniyanın baş naziri ikinci arvadından boşandıqdan sonra Kerri Simonds adlı xanımla – indiki həyat yoldaşı ilə bir müddət sevgili olaraq nikahdankənar yaşayıb.

BBC-nin məlumatına görə, Boris və Kerri əslində 2018-ci ildən – Conson hələ ikinci arvadından boşanmazdan əvvəl görüşmüşlər. 2018-ci ildə Boris Conson və Marina Viler artıq bir-birləri ilə yaşamadıqlarını və boşanma prosesində olduqlarını elan etmişdilər.

Boris Conson və və Kerri Simondsın ilk övladları – oğulları Vilfred 2020-ci ilin aprelində doğulanda onlar hələ rəsmən evlənməmişdilər.

58 yaşlı Boris Consonun hazırkı xanımı Kerri ondan 23 yaş kiçikdir.

2021-ci ildə Boris Conson sevgilisi Kerri Simonds ilə münasibətlərini rəsmiləşdirərək, onunla evlənib. Toy ictimaiyyətdən və mediadan gizli həyata keçirilib, mərasimdə Consonun ən yaxınları və dostları iştirak ediblər.

Conson və Simonds Britaniya tarixində baş nazirin Douning Street, 10 ünvanında yerləşən iqamətgahında yaşayan ilk evli olmayan cütlük idi. Kerri Simonds əvvəllər 2012-ci ildə London meri seçkilərində Boris Consonun seçki qərargahında çalışıb.

Britaniya mətbuatı yazır ki, Boris Consonun nikahdankənar münasibətdən bir uşağı da var. Həmin uşağın anasının sənət tarixçisi Helen Makintayr olduğu iddia edilir. İddialara görə, bu uşaq Stefani adlı 13 yaşlı qızdır.

Beləliklə, Boris Consonun 7 uşağının (6-sı aşkar, 1-i gizli) olduğu Britaniya ictimaiyyətinə məlumdur.

Boris Consonun böyük qızı Lara 1993-cü il təvəllüdlüdür. Baş nazirin ikinci evliliyindən, Marina Vilerdən doğulan qız dünyaya gələndə Conson hələ o zaman jurnalist işləyir, “Daily Telegraph” qəzeti üçün yazılar yazırdı.

Britaniya mətbuatı yazır ki, Oksford məzunu olan Boris Conson yaxşı təhsilin nə demək olduğunu bilirdi, ona görə də qızı Laranın təhsilinə səxavətlə sərmayə qoyub.

Lara ali məktəbi uğurla başa vurub, latın dilini və ədəbiyyatı öyrənib. Sonra o, jurnalist olub: Britaniyanın Vogue və Tatler jurnallarında ştatdankənar redaktor kimi çalışıb.

Yeri gəlmişkən, Lara valideynləri boşandıqdan sonra anasının tərəfini tutub. “The Sun” qəzeti yazıb ki, atasının xəyanətindən xəbər tutan qız onu “eqoist” adlandırıb.

Milo adlı oğlan Boris Consonun ikinci övladıdıdr, o, 1995-ci ildə doğulub.

Consonun böyük oğlunun uğuru haqqında çox az şey məlumdur. Vestminster məktəbində oxuyarkən Milo futbol və kriket oynayan aktiv və hərtərəfli yeniyetmə idi. Həyatını izləyən media onun idman karyerasını proqnozlaşdırırdı. Lakin məzun olduqdan sonra Milo London Universitetinin Şərq və Afrikaşünaslıq Məktəbinə daxil olmaq qərarına gəlib. Bunun sayəsində ərəb, rus və fransız dillərini mükəmməl öyrənib. 2014-cü ildə universiteti bitirdikdən sonra Milo Esquire Middle East-də təcrübə keçib və beş ay Dubayda qalıb. Onun indi nə etdiyi bəlli deyil.

Consonun ikinci qızı Kassia 1997-ci il təvəllüdlüdür. Orta təhsilini özəl Highgate Məktəbində alıb, sonra Dublin Triniti Kollecinə daxil olub. Ardınca Londona qayıdıb. İngilis mətbuatı Kassia haqqında çox şey yazmayıb, onun rəsm çəkdiyi, yazıçılıqla məşğul olduğu, hətta 2021-ci ildə Klerkenvell bölgəsindəki restoranlardan birində ofisiant kimi işlədiyi bildirilir.

1999-cu ildə doğulan Teodor Borisin ikinci oğlu – dördüncü övladıdır. Conson və Vilerin uşaqlarının ən kiçiyi digərlərindən daha çox atasına bənzəyir – o, eyni sarışın və idarəolunmaz saçlara malikdir. Baş nazirin digər övladları kimi o da Britaniyanın yaxşı özəl məktəbində oxuyub, sonra atasının ürəyini sıxaraq Kembricə gedib (Oksford məzunu üçün bu, az qala təhqirdir). Teodor sosial şəbəkələrdən istifadə etmir və reklam üçün səy göstərmir. Onun universitetdə konkret olaraq nə oxuduğu da məlum deyil.

Boris Consonun nikahdankənar qızı Stefani 2009-cu il təvəllüdüdür. 2010-cu ildə “The Daily Mail” qəzeti ilk dəfə Londonun meri olan Boris Consonun qeyri-qanuni qızı olduğunu iddia etmişdi. Məlumatlara görə, sənət tarixçisi Helen Makintayrın ailəsi hətta DNT analizi verib və Stefaninin atasının Boris olduğunu sübuta yetirib. İndi İngiltərədə heç kim Consonun düz 7 uşağı olduğuna şübhə etmir. Baxmayaraq ki, Boris Conson Makintayrdan olan qızı haqqında danışmamağa üstünlük verir.

Media yazır ki, siyasətçinin atası Brayan Stenli Conson nəvəsi ilə əlaqə saxlamağa cəhd edib və bir dəfə onunla videobağlantı vasitəsilə danışıb. Stefani digər bacı və qardaşları ilə ünsiyyət qurmur.