Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov boşanma və əmlak davası ilə bağlı məhkəmə qərarından narazı qalaraq Ali Məhkəməyə müraciət edib.
NOCOMMENT.az xəbər verir ki, oğul-Pənahovun arvadı H.Pənahova nikahın pozulması, zinət əşyalarının, cehiz və geyimlərinin qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdi.
Cütlük 2022-ci ildə evlənib, qadın 2024-cü ildə boşanma üçün iddia qaldırıb.
H.Pənahova bildirib ki, evlilik dövründə ərinin zorakılığına məruz qalıb və 2023-cü ildə ABŞ-də yaşadıqları müddətdə işgəncələrə dözməyərək gizli şəkildə Bakıya qayıdıb. Onun sözlərinə görə, ərinin göstərişi ilə yaşadıqları evin qıfılı dəyişdirilib və o, şəxsi əşyalarını götürə bilməyib.
Qarşı tərəf H.Pənahovanın dediklərini təkzib edərək bildirib ki, qadın bütün əşyalarını özü ilə aparıb. Onların sözlərinə görə, qadının tələb etdiyi 170 min manatlıq brilyant komplekt özünə deyil, baldızına məxsus olub və sadəcə toyda taxmaq üçün ona verilib.
H.Pənahova ümumilikdə 590 min manatlıq əmlak iddiası qaldırsa da, məhkəmə iddianın bir hissəsini haqlı sayaraq 393 min manatlıq zinət və geyim əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi barədə qərar qəbul edib.
“Yeni Sabah”a danışan Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, hadisənin detallarını öyrəndikdən sonra müdafiə prosesinə başlaya bilərlər:
“Bu mövzu ilə bağlı bizə hər hansı bir məktub daxil olmayıb. Ona görə də prosesin nədən ibarət olduğunu təfərrüatlı bilmirəm. Həmin xanım bizə yazılı şəkildə müraciət ünvanlasın və ya şəxsən mənimlə əlaqə yaratsın, biz də işin tam olaraq nədən ibarət olduğunu öyrənək, ondan sonra bütün lazımi tədbirləri görək. Hazırda məsələyə birtərəfli yanaşa bilmərəm. Gedişatı ətraflı öyrəndikdən sonra xanımın müdafiə prosesini həyata keçirə bilərik”.
Vəkil Emil Aslanov isə bildirib ki, prosesin uzun çəkməsi həm boşanma, həm də əmlak bölgüsü məsələləri ilə bağlıdır:
“Güman ki, burada əsas məsələ təkcə boşanma deyil. Tərəflər arasında əmlak bölgüsü də olduğu üçün proses bu qədər uzun çəkir. Görünən odur ki, ekspertiza ilə yanaşı qiymətləndirmə, dəyərin müəyyən olunması kimi məsələlər də araşdırılır. 393 min manatlıq təzminatın ödənilməməsi də sırf icra şöbəsinin məsuliyyətsizliyi ilə bağlıdır. Hakim həmin prosesi ayrıca icraata ala bilərdi.
Tərəflərin razılığı varsa, 40 gün ərzində birinci məhkəmə prosesi keçirilir. Əgər tərəflərdən biri razı deyilsə, məhkəmə onlara barışmaq üçün 3 ay möhlət verir. Tərəflər barışığa gəlməzsə, təxminən 5-6 ay ərzində boşanma prosesi yekunlaşır. Bu işin uzanmasının əsas səbəbi yalnız əmlak bölgüsü və gəlir paylaşımı ilə bağlı qarşıdurmadır”.