“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli qərarına əsasən, Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri demokrat.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib.
O bildirib ki, bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmiləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür:
“Lakin unutmamaq lazımdır ki, Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr də yaradır.
Yəni ipoteka ilə yüklü olan əmlakdan pay istəyən ər və ya arvad nəzərə almalıdır ki, nikahdan sonra qarşı tərəfin ödədiyi kredit borcunun yarısı gələcəkdə ondan tələb oluna bilər. Bir sözlə ipotekadan pay istəyən ər və ya arvad nikah pozulduqdan sonra ödəniş etməlidir”.
Vəkil qeyd edib ki, kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətləri pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə ər və ya arvad tərəfindən qaldırılmış iddianı təmin edə bilər:
Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər.