Bir neçə gün öncə, redaksiyamıza Sumqayıtda fəaliyyət göstərən “ BOULEVARD MEDİCAL CENTRE” MMC-də dietoloq-nutrisoloq kimi işləyən həkim Günel Əşrəfova haqqında şikayət daxil olmuşdur. Şikayətdə iddia edilir ki, Günel Əşrəfovanın çalışdığı sahə ilə bağlı heç bir təhsili yoxdur.
NOCOMMENT.az xəbər verir ki, məsələni ətraflı araşdırmaq üçün Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza mərkəzinə sorğu ünvanlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Sumqayıt şəhəri, Bulvar küçəsi, ev 77, 81, 75, 79 (yeni ünvanlaşmaya əsasən: AZ5000, Sumqayıt şəhəri, Bulvar küçəsi, giriş 77A, 81A, 75A, 79A) ünvanında yerləşən “BOULEVARD MEDICAL CENTRE” MMC-yə məxsus özəl tibb müəssisəsi İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş müvafiq qeydiyyat nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Lisenziyanın əlavəsinə əsasən, müəssisəyə “diyetoloji” fəaliyyət növü üzrə icazə verilib.
Araşdırma zamanı Günel Əşrəfova adlı şəxsin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə ali tibb təhsilli həkim-mütəxəssis kimi qeydiyyatda olmadığı müəyyən edilib.

Bildiririk ki, dietologiya tibbi fəaliyyət sahəsidir və bu sahədə fəaliyyət göstərən mütəxəssislər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq tibbi təhsilə malik olmalı, eləcə də sertifikasiyadan keçməlidirlər.
Qeyd edilən şəxsin praktik tibbi fəaliyyətlə məşğul olmasını təsdiqləyən faktlar mövcuddursa, bununla bağlı Analitik Ekspertiza Mərkəzinə rəsmi müraciət edilməsi məqsədəuyğundur.
Daxil olan müraciət qanunvericiliyə uyğun şəkildə araşdırılacaq və zərurət yarandığı halda müvafiq tədbirlər görüləcək.
Ajans.az-ın araşdırmasından sonra klinika rəsmi İnstagram hesabından Günel Əşrəfovaya məxsus poster silinmişdir.

Əlavə olaraq, qeyd edək ki, “ BOULEVARD MEDICAL CENTRE” klinikasının rəhbərinin Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun qızına aid olduğu iddia edilir. /ajans.az/
View this post on Instagram













