Brüsseldə Azərbaycanı hansı sürprizlər gözləyir – ŞƏRHbackend

Brüsseldə Azərbaycanı hansı sürprizlər gözləyir – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Soçi görüşündən sonra dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə görüşü gözlənilir.
Müzakirələr Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin sammiti çərçivəsində keçiriləcək. Artıq hər iki tərəf Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşmək təklifini qəbul edib.
Ekspertlər hesab edir ki, Brüssel görüşü Rusiyanın nəzarətindən kənar keçdiyi üçün Azərbaycan və Ermənistan rəhbərləri Kremlin siyasi təsiri olmadan öz aralarında müəyyən razılığa gələ bilərlər.
NOCOMMENT.az-ın məlumatına görə, politoloq Qabil Hüseynli bildirib ki, Brüssel görüşünə heç bir ümid bəsləmir:
“Brüssel görüşündə də Ermənistanı müdafiə edən və onun qeyri-konstruktiv mövqeyini ardıcıllıqla müdafiə edən qüvvələr çoxdur. Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron Avropa Birliyində öz təsirlərindən istifadə edərək daima Azərbaycanın maraqlarına, obyektiv mövqeyinə zidd olaraq Ermənistanı müdafiə etməkdə davam edirlər. Rusiyanın da süddən çıxan ağ qaşıq olduğunu deyə bilmərəm. Rusiyanın bu ərazilərdə erməni dövlətinin yaradılması, Qarabağın işğal edilməsində sovet və rus qoşunlarının iştirakı barədə Azərbaycanın əlində kifayət qədər tutarlı və çox önəmli faktlar var. Ona görə də istər Rusiya, istərsə də Avropa Birliyi səviyyəsində bu məsələnin həll olunması üçün maksimum qüvvəmizi sərf etməliyik. Rusiya-Avropa İttifaqı, Rusiya-Qərb rəqabətindən istifadə edərək Azərbaycanın haqlı tələblərini müdafiə etmək üçün müxtəlif siyasi manevrləri həyata keçirməliyik. Soçi görüşündə qoyulan məsələlərin hansı səpgidə olması, həmin məsələlərin həllinə dair təkliflər verəcək xüsusi komissiyaların yaradılması da nəzərdə tutulur. Bu, məsələlərdə xüsusliə sərhədlərin demarkasiya və delimitasiyasında Rusiyanın əlində olduğu guya ən obyektiv xəritələrdən istifadə edib, təkliflər hazırladığını söyləyir. Bunlar hərbi xəritələrdir. Guya, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin arxivlərində saxlanır. Bütün bunların hamısının öyrənib nəzərdən keçirilməsinə böyük ehtiyac var”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, politoloq Ramid Hüseynov isə qeyd edib ki, Brüssel görüşün Rusiyanın nəzarətindən kənar keçəcəyini, Azərbaycan və Ermənistan rəhbərlərinin öz aralarında müəyyən razılığa gələ biləcəyini nəzərə alaraq 26 noyabrda onların Soçidə birgə görüşünü keçirir:
“İkinci Qarabağ müharibəsi sonrası regionda geosiyasi güclərin üstünlük əldə etmək uğrunda mübarizəsi müşahidə olunur. Düzdür, ənənəvi güc olaraq Rusiyanın bu mübarizədə hələ ki qalib olması, üstünlüyünü qoruyub saxlamaqda israrlı olması açıq görünür. Bunu müharibə sonrası rus sülhməramlıların fəaliyyətinə nəzər yetirdikdə bəlli olur. Xüsusilə də, separatçılara münasibətdə loyallıqları, onları dəstəkləyən davranışları, hətta Azərbaycanın suverenliyinə zidd addımları belə düşünməyə əsas verir. Eyni zamanda, 16 noyabr 2021-ci ildə Ermənistanın Azərbaycan sərhədində yol verdiyi təxribata münasibət bildirərkən Rusiya rəhbərinin sülhməramlıların qalmasına ehtiyac olduğunu ifadə etməsi bu dövlətin bölgəni tez bir zamanda tərk etmək niyyətində olmadığını bir daha təsdiq edir. Qeyd etmək lazımdır ki, Rusiyanın Cənubi Qafqaz siyasətinin əsasən region ölkələrində hərbi-siyasi vəziyyəti gərginləşdirmək, etnik separatizmi qızışdırmaq ilə daha çox xarakterizə olunduğunu nəzərə aldıqda sülhməramlılara olan ehtiyacın saxlanılması üçün vaxtaşırı hərbi təxribatların və müharibələrin olması labüddür. Deməli, regiona olan nəzarətin həyata keçirilməsi üçün mövcud vəziyyətin saxlanılması mütləqdir”.
Politoloq qeyd edib ki, dekabrın 15 də Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə gözlənilən görüşünə Rusiyanın ciddi narahatlıq keçirməsi də başa düşüləndir:
“Rusiya yaxşı anlayır ki, qərbin bölgədə təhlükəsizliyin, sülhün bərpa olunmasına, demokratikləşmənin və insan hüquq və azadlıqlarının təmin edilməsinə çalışması region dövlətlərinin daxili və xarici siyasətlərinə daha praqmatik əsasda yanaşmağı tələb edir. Rusiyadan fərqli olaraq qərbin daha çox maliyyə dəstəyi, regionda iqtisadi vəziyyəti yaxşılaşdırmaq cəhdləri münaqişələr və hərbi güc yolu ilə dövlətlərin idarə edilməsi imkanlarını tədricən məhdudlaşdırır. Habelə cəmiyyətin daha inkişaf edən, sivil dəyərlərin, hüququn mövcud olduğu qərbə inteqrasiya istəkləri də prosesə ciddi təsir göstərir. Belə olan təqdirdə, regiondakı proseslərin daimi olaraq hərbi təzyiqlər yolu ilə saxlamağın mümkün olmayacağını yaxşı bilən Rusiya hər iki dövlət başçısının Brüssel görüşünə qısqanclıqla yanaşır. Görüşün onun nəzarətindən kənar keçəcəyini, Azərbaycan və Ermənistan rəhbərlərinin öz aralarında müəyyən razılığa gələ biləcəyini nəzərə alaraq, 26 noyabrda onların Soçidə birgə görüşünü keçirir.
Düşünürəm ki, Soçi görüşündə üçtərəfli bəyanatın müddəaları və sülh sazişi ilə bağlı müzakirələr aparılacağına baxmayaraq, bu daha çox Rusiyanın regionda sülhün və təhlükəsizliyin qorunmasında maraqlı olduğunu nümayiş etdirməsi məqsədini daşıyır. O cümlədən, görüş daha çox regionda söz sahibinin kim olduğunu və proseslərin necə cərəyan edəcəyinin, tərəflərin necə davranacağının kimdən asılı olduğunu sübut etməsi ilə xarakterizə olunur. Belə ki, rəsmi Moskvanın regiondakı mövqelərini digərləri ilə bölüşmək niyyətində olmadığı aydın görünür. Hətta, Brüssel görüşü öncəsi sülhməramlıların xilaskar imicinin qoruyub saxlanılması, onlara olan ehtiyacın yaradılması üçün müəyyən addımların atılması da istisna edilmir”.
Bakupost.az