Brüsseldə Əliyevin əlini hansı kart gücləndirdi: Paşinyanı “hə” deməyə nə məcbur etdi?backend

Brüsseldə Əliyevin əlini hansı kart gücləndirdi: Paşinyanı “hə” deməyə nə məcbur etdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə baş tutan görüşü bir sıra nüanslarla yadda qaldı. Prezident İlham Əliyev İrəvanın “Zəngəzur kartı”na “Laçın kartı” ilə cavab verdi və yenə də diqqətləri özünə çəkə bildi. Üstəlik, Qərbdə də əsas diqtə edən tərəf məhz İlham Əliyev oldu.

NOCOMMENT.az xəbər verir ki, Politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində söylədi ki, Qərbin və Ermənistanın Brüsseldə Azərbaycan tərəfinə təzyiq göstərmək cəhdi heç bir halda baş tutmadı:

– Qabil bəy, Brüssel görüşü nə ilə yadda qaldı? Bir çoxları düşünür ki, Qərb də indiki post-müharibə dövründəki proseslərə, regiona yeni reallıqlar fonunda baxır. Sizcə, vəziyyət necədir?

– Mənim zənnimcə, də bu belədir. Ölkə başçısı da dəfələrlə söyləyib ki, artıq müharibə başa çatıb. Eyni zamanda, bölgədə yeni reallıqlar formalaşıb. Eləcə də bölgədə yeni konfiqurasiyanın formalaşdığı aydın şəkildə görülməkdədir. Yeni konfiqurasiya da məsələyə təzə yanaşmanın yeni forma və metodlarını tələb edir. Düşünürəm ki, Avropa İttifaqında bunu qəbul edirlər, baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqındakı bəzi havadarlarının – Fransa, eləcə də Şarl Mişelin özünün köməkliyi ilə Azərbaycana müəyyən təzyiqlər göstərməyə çalışırdı. Məncə, onun bu gedişi alınmadı. Burada əsas müəyyənedici rolu kifayət qədər hazırlıqlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oynadı. Kommunikasiyaların açılması, Zəngəzurdan keçən dəmir yolu məsələsində Azərbaycana müəyyən təlqinlər – təzyiq demirəm – edilməyə çalışdılar, buna baxmayaraq, Azərbaycanın dövlət başçısı tərəfindən bu, birmənalı qaydada rədd edildi. Bütövlükdə, əvvəlcədən düşündüyümüz kimi Brüssel görüşü hər hansı sənədin imzalanması ilə başa çatmadı. Sadəcə olaraq, indiyə qədər imzalanmış sənədlərin və tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin zəruriliyi vurğulandı.

– Brüssel görüşündə bizim üçün qorxulu nüans nə ola bilərdi?

– Açığını desək, bizim üçün qorxulu yox, ürəkbulandırıcı məsələlərdən biri ATƏT-in Minsk qrupunun proseslərə qoşulma təklifi ola bilərdi. Nə qədər təəccüblü olsa da bu məsələ Brüsseldə qaldırılmadı. Ən azından mətbuatda yayılan informasiyalardan bu cür göründü. Sanki problemlərin yekunlaşma mərhələsinə çıxdığını düşünürlərmiş kimi Minsk qrupunu da bundan sonrakı proseslərə qoşmadılar. Bu bir daha onu göstərir ki, Paşinyan da daxil olmaqla tərəflərin sülhlə bağlı mövqeləri, eləcə də kommunikasiyaların açılması, sərhədlərin delimitasiya məsələsi ilə bağlı ümumi iradə ortaya qoymaları və bütün bunları bir daha Brüsseldə təsdiq etmələri nəticəsində göründü ki, poseslərin əsas ağırlığı, əsas cərəyanetmə mərkəzi Soçi prosesi olaraq qalır. Moskvanın moderatorluğu, vasitəçiliyi dəyişməzdir. Gələcək proseslər də təxminən bu məcrada inkişaf edəcək. Yəni, görünən budur.

– Diqqət çəkən məqamlardan biri də prezidentin Laçın və Zəngəzur dəhlizini eyniləşdirməsi oldu; yəni Ermənistan Zəngəzurda post qurub gömrük vergisi yığacaqsa, biz də Laçında anoloji addım atacağıq…

– Azərbaycan Prezidenti NATO-nun Baş katibi ilə görüşdən sonra mətbuat konfransında söylədi ki, Zəngəzur dəhlizi ya dəhliz, ya da yol kimi qəbul edilməlidir. Əgər bu belə olacaqsa, Ermənistan Zəngəzurda gömrük məntəqələri quracaqsa, burada vətəndaşları və vətəndaşları yoxlamadan keçirəcəksə, o zaman biz də eyni, adekvat addımları Laçın dəhlizində atacağıq. Yəni, Laçın üzərində öz suverenliyimizi tam şəkildə həyata keçirməyə başlayacağıq. Prezident Əliyev mətbuat konfransında bu fikirləri səsləndirdikdən sonra Paşinyan xeyli narahat olmuşdu və özünün “feysbuk” səhifəsində yazmışdı ki, Azərbaycanın dövlət başçısının bu fikirlərinə qarşı Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq görüşdə ciddi mübarizə aparacaq. İrəvan həmin görüşün öz istədiyi məcrada keçməsi üçün çalışdı, amma bir nəticə əldə olunmadı Üçtərəfli görüşdə bu məsələlər ümumi şəkildə vurğulandı. Hətta deyərdim ki, Paşinyan üçtərəfli görüşdə bu məsələni polemika şəklində qaldırmağa cəsarət göstərmədi. Faktiki olaraq dəmir yolunun açılacağı ilə bağlı fikirlər söylədi. Şosse yolunun marşrutunun təyin olunması ilə bağlı müəyyən müzakirələrə ehtiyac olduğunu söylədilər.

– Söhbət şose yolun ilə bağlı nələrin müəyyənləşdirilməsindən gedir?

– Söhbət ondan gedir ki, sovet dövründə həm şose, həm də dəmir yolu yanaşı idi. Eyni marşrutla hərəkət edirdi. İndi ermənilər təklif edirlər ki, Azərbaycanın hər hansı bir rayonundan başlasın, Ermənistan ərazisindən keçməklə Şahbuzun Biçənək kəndinə qədər çəkilsin. Hələ ki, Azərbaycan bu təklifi qəbul etmir. Müzakirələr nəticəsində şosse yolun marşrutu da bəlli olacaq. Bu, sonrakı müzakirələrin işidir.

– Bəs Azərbaycan Ermənistanın bu təklifini niyə qəbul etmir?

– Çünki İrəvanın təklif etdiyi bu yol uzundur. Eyni zamanda, dağlıq ərazilərdən keçəcək. Bu layihənin reallaşdırılması da xeyli vaxt aparacaq. Amma birbaşa Zəngəzur-Mehri dəhlizi ilə həm dəmir yolu, həm də şosse yolunun çəkilməsi işlərin sürətlənməsi deməkdir. Eyni zamanda, az məsrəflə qısa müddətdə məsələlərin həllinə nail olmağa imkan yarada bilər. Hər halda deyə bilərik ki, dəmir yolunun çəkilməsində prinsipial razılaşma artıq var.