ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından çıxarıb.
NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Amerikanın səsi” administrasiya və konqresdəki mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Co Bayden sentyabrın 25-də Nyu-Yorkda ənənəvi qəbulda dünya liderlərini və BMT-nin yüksək səviyyəli rəsmilərini qəbul edəcək. Məlumata görə, Gürcüstanın BMT Baş Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik edən İrakli Kobaxidze daha əvvəl ABŞ prezidentinin qəbuluna dəvət olunanlar siyahısında olub, lakin Bayden administrasiyası dəvəti ləğv edib.
Yüksək səviyyəli administrasiya rəsmisi və Konqresdəki digər mənbə “Amerikanın Səsi”nə dəvətin ləğv edildiyini təsdiqləyib.
Məlumata görə, administrasiya baş nazirin dəvətini ləğv etməklə yanaşı, Gürcüstan nümayəndə heyəti ilə bütün görüşlərdən və baş nazir Kobaxidze ilə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan arasında görüşdən də imtina edib.
Məlumata görə, buna səbəb Gürcüstan hökumətinin son hərəkətləri və bəyanatları, “xarici agentlər” qanununu qəbul etməsi, həmçinin yerli qeyri-hökumət təşkilatlarına qarşı münasibətidir.
“Amerikanın səsi”nin məlumatına görə, Gürcüstan hökuməti ilə ABŞ arasında son kommunikasiya zamanı rəsmi Tbilisi öz kursunu dəyişəcəyinə ümid verməyib.