Azərbaycanda qaz və işıq tariflərinin yüksək olması ilə bağlı məsələlər gündəmdə qalmaqdadır. Maraqlıdır, nəyə görə qaz və işıq tarifləri bu qədər yüksəkdir?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, dövlət bu istiqamətdə tariflərin aşağı salınmasını planlaşdırmır.
Onun sözlərinə görə, əksinə, ilin əvvəlində qiymətlər artırılıb və sabit tarif mexanizmi də müəyyən edilib:
“Bu, o deməkdir ki, sabit tarif mexanizmi qüvvəyə mindikdən sonra qiymətlər bir qədər də artacaq. Dövlət hesab etmir ki, qaz və işıq tarifləri bahadır. Əksinə, düşünür ki, tariflər hələ də aşağıdır və əhaliyə nisbətən ucuz satılır”.
İqtisadçı qeyd edib ki, tariflərin ucuzlaşmasını istəyiriksə, ilk növbədə şəffaflıq və ictimai nəzarət gücləndirilməlidir:
“Dövlət qurumları bizdən aldıqları tarifləri xidmət keyfiyyətlərinin yaxşılaşdırılmasına yönəltməlidir. Ən azından dövlət büdcəsindən əlavə subsidiya almamalıdırlar. Hazırkı durumda isə hətta mövcud tariflərlə belə, bu təşkilatlar öz işlərini effektiv qura bilmirlər. Dövlət hesab edir ki, indiki tariflər də yetərli deyil”.