Bu gün növbəti imtahanlar keçiriləcəkbackend

Bu gün növbəti imtahanlar keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 27-də növbəti imtahanlar keçiriləcək.

Bu barədə NOCOMMENT-ə DİM-dən məlumat verilib.

DİM tərəfindən Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan, Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı, Sabah qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi üzrə test imtahanı keçiriləcək.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Lənkəran və Xaçmazda keçiriləcək. Həmin gün ümumilikdə 4606 nəfərin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunmasına 22 imtahan binası, 336 imtahan zalı, 22 ümumi imtahan rəhbəri, 56 imtahan rəhbəri, 437 nəzarətçi müəllim, 44 buraxılış rejimi əməkdaşı, 22 bina nümayəndəsi ayrılıb.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) ərzində istifadə olunmalıdır.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Azərbaycan dili imtahanı 45 dəqiqə, DSX məktəbinə qəbul imtahanı 1 saat 30 dəqiqə, feldşer ixtisasına qəbul imtahanı 2 saat, “SABAH” qruplarına qəbul imtahanı isə 1 saat 30 dəqiqə müddətində aparılır.

İştirakçılar imtahana buraxılış vərəqəsini DİM-in saytından çap etməlidirlər. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və imtahana buraxılış vərəqəsi ilə yanaşı, imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni də çap edib gətirməlidirlər. Bəyannamə DİM-in saytından imtahana buraxılış vərəqəsi ilə bir yerdə çap olunur.

Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) da təqdim etməlidirlər.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına imtahana buraxılış vərəqəsi ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb.

Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.